Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.

Maşınqayırma və robototexnika
fakültəsinin dekanı
Qarayev Malik Fikrət oğlu
Tel: (+994 12) 539 13 56
Faks: (+994 12) 538 32 80
E-poçt: malik.qarayev@aztu.edu.az

Qarayev Malik Fikrət oğlu 6 fevral 1966-cı ildə Qazax rayonunun I Şıxlı kəndində anadan olub. 1983-cü ildə I Şıxlı kənd orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olub. İnstitutun I kursunu bitirdikdən sonra 1984-1986-cı illərdə hərbi xidmətdə olub,1990-cı ildə həmin institutu Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib və gənc mütəxəssis kimi Maşınqayırma texnologiyası kafedrasında Tədris ustası vəzifəsində əmək fəaliyyətinə başlayıb. Kafedrada 1992-ci ilə qədər həmin vəzifədə fəaliyyət göstərib və bu müddət ərzində 1991-1992-ci illərdə Moskva Dövlət Texnoloji Universitetində elmi stajor kimi təkmilləşdirmə kursunu bitirib.

1992-1995-ci illərdə Moskva Dövlət Texnoloji Universitetində məqsədli aspiranturada (doktorantura) əyani təhsil alıb.

M.Qarayev namizədlik dissertasiyasını 1996-cı ildə Moskva Dövlət Texnoloji Universitetində müdafiə edib, 2016-cı ildə isə dosent elmi adını alıb. 1990-cı, 1999-2000-ci və 2019-cu illərdə AzTU-nun Maşınqayırma texnologiyası kafedrasında bir sıra ixtisas fənlərindən və digər təhsil müəssisələrində isə Tətbiqi mexanika, “Tərsimi həndəsə və mühəndis qrafikası” fənlərindən dərs deyib.

M.Qarayev 1997-2005-ci illərdə Daxili İşlər Nazirliyinin və 2005-2012-ci illərdə Fövqəladə Hallar Nazirliyinin nəzdində baş müəllim, silsilə rəisi, Elmi-Təcrübə və İstehsalat Mərkəzinin rəis müavini və 2012-2019-cu illərdə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Tədris şöbəsinin rəisi vəzifələrində çalışıb. Ehtiyatda olan polkovnikdir. Hazırda 0,5 ştat vahidinə uyğun AzTU-nun Maşınqayırma texnologiyası kafedrasında dosent vəzifəsində çalışır.

24 yanvar 2020-ci il tarixindən AzTU-nun Magistratura şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

21 yanvar 2022-ci il tarixində AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin dekanı seçilib.

Bir sıra ixtisaslar üzrə təhsil proqramlarının, rəsmi təsdiq olunmuş 23 elmi və tədris-metodiki işlərin, 1 dərslik, 1 metodik vəsait, 3 fənn proqramı, 17 məqalə, 1 səmərələşdirici təklifin müəllifidir.

Təhsil aldığı, xidmət etdiyi və elmi-pedaqoji fəaliyyət göstərdiyi dövrlərdə fəxri fərmanlar, döş nişanı və medallarla, o cümlədən 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Ailəlidir, bir oğlu, bir qızı, iki nəvəsi var.