Mexatronika və robototexnika mühəndisliyi (tədris planı) (təhsil proqramı)

Mexatronika və robototexnika mühəndisliyi ixtisası sənayenin müxtəlif sahələrində proseslərin avtomatlaşdırılması, idarə olunması və optimallaşdırılmasını əhatə edən mühəndislik sahəsidir. Bu ixtisas üzrə təhsil alan tələbələr maşınqayırma, avtomobil sənayesi, aviasiya, müdafiə sənayesi, kənd təsərrüfatı, tibb və digər strateji sektorlar üçün innovativ həllərin hazırlanması və tətbiqini öyrənirlər. Onlar mexaniki, pnevmatik və hidravlik sistemlərin avtomatlaşdırılmış layihələndirilməsi, mexaniki sistemlərin dinamikası və simuliyasiyası, robotların proqramlaşdırılması, süni intellekt və maşın öyrənməsi metodlarının tətbiqi, həmçinin Arduino, Raspberry Pi və digər mikrokontrollerlər vasitəsilə avtomatik idarəetmə sistemlərinin qurulması sahəsində bilik və bacarıqlara yiyələnirlər. Bundan əlavə, tələbələr qabaqcıl robot istehsalçılarının proqram təminatları ilə işləməyi, həmçinin sənaye 4.0 standartlarına uyğun rəqəmsal istehsal proseslərinin tətbiqini öyrənirlər. Mexatronika və robototexnika mühəndisinin əsas vəzifə öhdəlikləri robotların, manipulyatorların və mexatron sistemlərin tətbiqi hesabına proseslərin və sistemlərin  məhsuldarlığını, etibarlılığını, dəqiqliyini, təhlükəsizliyini və s. artırmaqdan ibarətdir. Müasir əmək bazarının tələblərinə uyğun mühəndislik həllərini həyata keçirmək üçün tələbələrə rəqəmsal bacarıqlar və proqramlaşdırma, süni intellekt və maşın öyrənməsi, maşın və mexanizmlər nəzəriyyəsi, 3D modelləşdirmə, İoT (Əşyaların İnterneti), müxtəlif sensorlar, vericilər və aktuatorlarla işləmək, robototexniki sistemlərdə tətbiq edilən mexaniki, hidravlik və pnevmatik sistemlər, elcə də dayanıqlı inkişafın hədəflərinə xidmət edən sənaye, innovasiya və infrastruktur, yaşıl texnologiyalar kimi istiqamətləri əhatə edən fənlər tədris olunur.

Sənaye mühəndisliyi (tədris planı) (təhsil proqramı)

Sənaye mühəndisliyi maksimum səmərəliliyə və keyfiyyətə nail olmaq üçün müxtəlif təyinatlı sənaye müəssisələrinin planlaşdırılmasını və idarəolunmasını təmin edən mühəndislik sahəsidir. Sənaye mühəndisi ixtisası üzrə təhsil alan tələbələr sənaye sahələrinin təyinatı üzrə tərkibi və konstruktiv quruluşu, texnoloji təminatı və  istehsalın planlaşdırılması sahələrini əhatə edən bilikləri öyrənir.Bu ixtisasa yiyələnmiş mühəndislər layihələndirmə, texnologiya, maliyyə, idarəetmə və proseslər sahəsində geniş bacarıqları əldə edirlər. Müasir əmək bazarının tələblərinə uyğun mühəndislik həllərini həyata keçirmək üçün tələbələrə rəqəmsal bacarıqlar və proqramlaşdırma, süni intellekt və maşın öyrənməsi, 3D modelləşdirmə və additiv istehsal, İoT (Əşyaların İnterneti) və sənaye 4.0, dayanıqlı inkişaf və yaşıl texnologiyalar kimi istiqamətləri əhatə edən fənlər tədris olunur.

Qida mühəndisliyi (tədris planı) (təhsil proqramı)

Qida mühəndisliyi ixtisası üzrə təhsil qida istehsalı, emalı, saxlanılması və təhlükəsizliyi sahələrini əhatə edir. Bu ixtisas üzrə təhsil alan tələbələr müasir qida texnologiyalarına dair nəzəri və praktiki istiqamətləri, qida məhsullarının istehsalında istifadə olunan müasir texnoloji avadanlıqları, qida qatqılarını, təhlükəsiz məhsul istehsalını, biokimyanın əsaslarını, qida istehsalı sahəsində mövcud olan beynəlxalq qanunvericiliyi, qida məhsullarına və müəssələrinə qoyulan yerli və beynəlxalq standartları, qida istehsalında mövcud risklər və təhlükələrin qarşısının alınmasını, eləcədə onların minimuma endirilməsi və idarə olunmasını öyrənir. Müasir qida sənayesində aparıcı rol oynayan qida mühəndisləri məhsulların keyfiyyətini artırmaq, istehsal proseslərini optimallaşdırmaq və müştəri tələblərinə uyğun, sağlam və təhlükəsiz məhsullar yaratmaq kimi öhədlikləri daşıyır. İxtisas üzrə təhsil alan tələbələr qida məhsullarının biokimyası, təhlükəsizliyi, soyudulma texnologiyası, qida mikrobiologiyası, qida sənayesində texnoloji əməliyyatlar, qida məhsullarının keyfiyyətinə texniki-kimyəvi nəzarət, eləcə də keyfiyyəti idarəetmə sistemləri və s. istiqamətlər üzrə nəzəri və praktiki biliklər əldə edirlər. Müasir əmək bazarının tələblərinə uyğun qida sektorunda mühəndislik həllərini həyata keçirmək üçün tələbələrə rəqəmsal bacarıqlar və proqramlaşdırma, süni intellekt və maşın öyrənməsi, 3D modelləşdirmə və additiv istehsal, İoT (Əşyaların İnterneti) və sənaye 4.0, dayanıqlı inkişaf və yaşıl texnologiyalar kimi istiqamətləri əhatə edən fənlər tədris olunur.

Maşın mühəndisliyi (tədris planı) (təhsil proqramı)

Maşın mühəndisi müxtəlif təyinatlı məmulların istehsal texnologiyası, sənaye müəssisələrinin, maşın və avadanlıqların layihələndirilməsi, həmçinin maşın istehsalının təşkili və keyfiyyətinin təminatı kimi vəzifələri həyata keçirir. Maşın mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr istehsal prosesində məhsuldarlıq, keyfiyyət və minimum maya dəyəri tələbləri çərçivəsində daha az əmək, material və enerji resursları sərf etməklə mexaniki emal və yığma texnoloji proseslərinin təkmilləşdirilməsi və yeni daha mütərəqqi texnoloji proseslərin layihələndirilməsi məsələlərini əhatə edən biliklərə yiyələnirlər. Təhsil dövründə baza mühəndislik fənləri əsasında tələbələr avadanlıqların modelləşdirməsi, maşın və mexanizmlərin müasir elmi yanaşmalarla konstruksiya edilməsi, onların dayanıqlı istismarının mühəndis həlləri və bu sahədə zəruri olan normativ-texniki sənədlərin hazırlığı üzrə müstəqil işləmə bacarığını əldə edirlər. Bundan əlavə müasir əmək bazarının tələblərinə uyğun mühəndislik həllərini həyata keçirmək üçün tələbələrə rəqəmsal bacarıqlar və proqramlaşdırma, süni intellekt və maşın öyrənməsi, 3D modelləşdirmə və additiv istehsal, İoT (Əşyaların İnterneti) və sənaye 4.0, dayanıqlı inkişaf və yaşıl texnologiyalar kimi istiqamətləri əhatə edən fənlər tədris olunur.

Mexanika mühəndisliyi (tədris planı) (təhsil proqramı)

Mexanika mühəndisliyi ixtisası geniş profilli ixtisas olub müasir sənayenin və texnikanın bütün sahələrində tətbiq olunan mexaniki qurğuların (maşınlar, avadanlıqlar, cihazlar, aparatlar, aqreqatlar və s.) layihələndirilməsi, istehsalı, istismarı və idarə olunması sahələrini özündə birləşdirir. Mühəndis-mexanik dərəcəsinə yiyələnən məzunlar maye və qazların mexanikası, konstruksiyaların dayanıqlığı və möhkəmliyi, ənənəvi və alternativ enerjinin əldə olunması texnologiyaları haqqında biliklərə malik olurlar. Bu ixtisas üzrə tədris edilən baza mühəndislik fənlərinin tədrisi nəticəsində tələbələr müxtəlif təyinatlı mülki və sənaye qurğularının, maşın və avadanlıqların konstruksiyalarının dayanıqlığı və möhkəmliyi haqqında biliklər əldə edirlər. Mexanika mühəndisi ixtisasını bitirənlər nasosların, turbinlərin, kompressorların, eləcə də mədən maşınlarının konstruksiyası və iş prinsipi haqqında malik olduqları nəzəri və praktiki biliklər hesabına neft-qaz sektorunda, eləcə də bu avadanlıqların tətbiq olunduğu digər sənaye sahələrində (məsələn, su elektrik stansiyaları, qida sənayesi müəssisələri və s.) də karyera qurmaq imkanlarına malik olurlar. Müasir əmək bazarının tələblərinə uyğun mühəndislik həllərini həyata keçirmək üçün tələbələrə rəqəmsal bacarıqlar və proqramlaşdırma, süni intellekt və maşın öyrənməsi, 3D modelləşdirmə və additiv istehsal, İoT (Əşyaların İnterneti) və sənaye 4.0, dayanıqlı inkişaf və yaşıl texnologiyalar kimi istiqamətləri əhatə edən fənlər tədris olunur.

Cihaz mühəndisliyi (tədris planı) (təhsil proqramı)

Cihaz mühəndisliyi geniş profilli ixtisas sahəsidir. Məzunlar maşınqayırma, aviasiya, kosmik, tibbi, yanacaq-enerji kompleksləri, o cümlədən neft-qaz, neft-kimya və qida sənayesi sahələrində tətbiq olunan cihaz hissələrinin layihələndirilməsi və istehsalı, ölçmə və onun texnikası, ölçmə proseslərinin avtomatlaşdırılması kimi peşə biliklərinə malik olurlar. Müasir əmək bazarının tələblərinə uyğun mühəndislik həllərini həyata keçirmək üçün tələbələrə rəqəmsal bacarıqlar və proqramlaşdırma, süni intellekt və maşın öyrənməsi, 3D modelləşdirmə və additiv istehsal, İoT (Əşyaların İnterneti) və sənaye 4.0, dayanıqlı inkişaf və yaşıl texnologiyalar kimi istiqamətləri əhatə edən fənlər tədris olunur.

Proseslərin avtomatlaşdırılması mühəndisliyi (təhsil proqramı)

Proseslərin avtomatlaşdırılması mühəndisliyi sənayenin müxtəlif sahələrində sistemlərin və proseslərin avtomatlaşdırılması, idarə olunması və tənzimlənməsini əhatə edən aparıcı mühəndislik sahəsidir. Bu ixtisas üzrə təhsil alan tələbələr neft-qaz, energetika, dağ-mədən, qida, maşınqayırma, metallurgiya, nəqliyyat, rabitə, eləcə də hərbi və mülki təyinatlı sahələrdə tətbiq olunan ölçmə texnikaları, analoq və rəqəmsal elektronika, mikroprosessorlar və proqramlaşdırılan inteqral mikrosxemlər, Siemens, Schneider Electric və s. kimi nüfuzlu şirkətlərin istehsalı olan məntiqi kontrollerlərin (PLC) proqramlaşdırılması, SCADA sistemləri, SCL, HI-Graph dillərinin strukturu və operatorları ilə işləmək bacarıqlarına yiyələnir. Proseslərin avtomatlaşdırılması mühəndisinin əsas vəzifə öhdəlikləri müxtəlif təyinatlı sistem və proseslərin səmərəliliyini artırmaq, sistem və proseslərin avtomatlaşdırılması hesabına insan əməyini azaltmaq, dəqiqliyini və etibarlılığını yüksəltməkdən ibarətdir. Müasir əmək bazarının tələblərinə uyğun mühəndislik həllərini həyata keçirmək üçün tələbələrə rəqəmsal bacarıqlar və proqramlaşdırma, süni intellekt və maşın öyrənməsi, 3D modelləşdirmə, İoT (Əşyaların İnterneti), müxtəlif sensorlar, vericilər və aktuatorlarla işləmək, elcə də dayanıqlı inkişafın hədəflərinə xidmət edən sənaye, innovasiya və infrastruktur, yaşıl texnologiyalar kimi istiqamətləri əhatə edən fənlər tədris olunur.

Ekologiya mühəndisliyi

Ekologiya mühəndisliyi ixtisası ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə və dayanıqlı inkişafın təmin olunmasına yönəlmiş mühəndislik sahəsidir. Bu ixtisas üzrə təhsil alan tələbələr sənaye, energetika, kənd təsərrüfatı, şəhərsalma, nəqliyyat, turizm və digər strateji sahələrdə ekoloji təhlükəsizliyin qorunması və təbiətə mənfi təsirlərin azaldılması üçün müasir həlləri öyrənirlər. Onlar atmosfer, su və torpaq ehtiyatlarının monitorinqi, tullantıların idarə olunması, alternativ enerji mənbələrinin tətbiqi, ekoloji risklərin qiymətləndirilməsi, biomüxtəlifliyin qorunması və ekoloji siyasətin icrası sahəsində bilik və bacarıqlara yiyələnirlər.

Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası insanların həyat və fəaliyyəti prosesində qarşılaşa biləcəkləri təhlükələrin qarşısının alınması, istehsalatda və gündəlik həyatda sağlam və təhlükəsiz şəraitin təmin olunması ilə bağlı bilik və bacarıqları öyrədir. Bu ixtisas üzrə təhsil alan tələbələr sənaye, energetika, tikinti, nəqliyyat, kənd təsərrüfatı, müdafiə sənayesi, səhiyyə və digər strateji sahələrdə risklərin azaldılması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, həmçinin  insanların sağlam, təhlükəsiz mühitdə yaşaması üçün mühəndislik bacarıqlarına yiyələnirlər. 

Kimya mühəndisliyi

Kimya mühəndisliyi ixtisası müxtəlif maddələrin xammaldan hazır məhsula çevrilməsi proseslərini layihələndirən, idarə edən və optimallaşdıran mühəndislik sahəsidir. Bu ixtisas üzrə təhsil alan tələbələr kimya sənayesi, neft-qaz emalı, farmasevtika, qida sənayesi, energetika, ekoloji texnologiyalar, biomateriallar və digər strateji sahələrdə tətbiq olunan kimyəvi və biokimyəvi proseslərin elmi əsaslarını və mühəndislik prinsiplərini öyrənirlər.

Metallurgiya mühəndisliyi

Metallurgiya mühəndisliyi ixtisası üzrə təhsil alanlar metallurgiyada tətbiq olunan xammal və onun ilkin emalı, çuqunun istehsalı, dəmirin (birbaşa filizdən) müasir alınma üsulları, ferroərintilər və onların alınma üsulları, polad istehsalı, poladın qəliblərə tökülməsini bacarmalıdırlar.Əlvan metalların istehsal  texnologiyalarını bilməli, əsas əlvan metalların metallurgiyası və həmçinin xüsusi əridici qurğuları, onların sxemlərini bilməli, müxtəlif texnoloji avadanlıqları analiz etməyi bacarmalıdırlar;qara metal ərintilərinin istehsalında tətbiq olunan xammal, yanacaqlar və odadavamlı materiallar haqqında geniş biliyə malik olmalıdırlar. Dəmir filizləri və onların əridilmək üçün hazırlanması, istehsalat tullantıları, flüslər, filizdən birbaşa metal kündənin alınma texnologiyasını, cuqun və polad istehsalı zamanı gedən fiziki-kimyəvi prosesləri, maye çuquna və polada qoyulan tələbləri, onların daşınmasını bilməlidirlər. Proqramlaşdırma və müasir material – dizayn modelləşdirilməsi və layihələndirilməsi ilə əlaqədar AUTOCAD, ArchiCAD, Revit, SketchUp, 3DMAX, Fotoshop proqramlarını mənimsəmək, kompüter qrafiki vasitələrindən istifadə etmək baçarığına yiyələnməlidirlər.

Dağ-mədən mühəndisliyi  

Dağ-mədən mühəndisliyi  ixtisas üzrə təhsil alan tələbələr açıq və yeraltı  işlərin texnologiyası və kompleks mexanikləşdirilməsini, mədən işlərinin səmərəli rejimini, yataqların açılma üsul və sxemlərinin, işlənmə sistemlərinin, rekultivasiya sxemlərinin seçilməsini öyrənirlər.Dağ-mədən mühəndisi açıq və yeraltı işlərin təhlükəsiz və ekoloji təmiz aparılması yollarını, təbii energetik və maddi ehtiyatların qənaətli sərfinə çalışmalı, açıq və yeraltı işlərin aparılmasının stabil və etibarlı üsullarını, açıq və yeraltı işlərin problemlərinin mühəndisi analizini aparmağı bacarmalıdırlar. Müasir əmək bazarının tələblərinə uyğun olaraq CAD/CAM sistemləri ilə işləmə bacarıqlarına; dağ-mədən sahəsində optimallaşdırma problemlərini həll etmək bacarığına; faydalı qazıntı yataqlarının işlənməsinin layihələndirilməsində avtomatlaşdırılmış layihələndirmə sistemlərinin və müasir proqram təminatının (CADMATİC, SEASolution və s.) tətbiqinə yiyələnməlidirlər. 

Materiallar mühəndisliyi

Materiallar mühəndisliyi ixtisası üzrə təhsil alanlar materialların istehsalının ümumi prinsiplərini və metodlarını bilmək, müəssisənin inşaat strukturu, maddi-texniki təchizatı, istehsal etdiyi məhsulun maya dəyəri və satış qiyməti, gəliri və maliyyələşdirilməsini, maddi-texniki təchizatı, istehsal etdiyi məhsulun maya dəyəri və satış qiyməti, gəliri və maliyyələşdirilməsini, texniki-iqtisadi əsaslandırılmanın prinsip və metodlarını öyrənmək və ondan istifadə etmək bacarığına yiyələnməlidirlər. Müasir fiziki-kimyəvi analiz üsulları haqqında nəzəri biliklərə yiyələnmək və analizlərin həyata keçirilməsi üçün istifadə olunan cihazlarda işləmək üçün təcrübi  bilik əldə edilmək, nəticədə iqtisadi cəhətdən daha səmərəli, ekoloji cəhətdən daha təmiz və daha uzunömürlü yeni materialların yaradılması bacarığına yiyələnməlidirlər.Materialların mənşəyi, quruluşu və xassələri haqqında nəzəri və praktiki biliklərə yiyələnməsi, konstruksiya və qurğuların istismar şəraitinə uyğun materialların seçilməsini təmin etməlidirlər.Materialların tərkibi ilə xassələri arasında asılılığın öyrənilməsində və material istehsalı müəssisələrinin layihələndirilməsində AUTOCAD, Revit, SketchUp, 3DMAX, Fotoshop proqramlarını mənimsəmək, kompüter qrafiki vasitələrdən istifadə vacibdir.