![]() |
Mühəndis fizikası və elektronika kafedrasının müdiri Fizika elmləri doktoru, professor, Mehrabova Mətanət Əhməd qızı Tel: (+99412) 538 94 37 E-poçt: metanet.mehrabova@aztu.edu.az
Mətanət Mehrabova Əhməd qızı 1964-cü il aprelin 28-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1981-ci ildə 159 saylı orta məktəbi fərqlənmə ilə bitirərək Bakı Dövlət Universitetinin fizika fakultəsinə daxil olmuşdur. O, 1986-ci ildən təyinatla Kosmik Tədqiqatlar EİB-də elmi fəaliyyətə başlamış və akademik B.M.Əsgərovun və professor T.H.İsmayılovun rəhbərliyi altında "Yarımmaqnit yarımkeçiricilər və onların ölçüyə görə kvantlanmış lövhələrində zonalararası Faradey effekti” mövzusunda dissertasiya mövzusu üzərində işləmişdir. 1992-ci ildə Bakı Dövlət Universitetinnin nəzdində ixtisaslaşmış şurada "Bərk cisim fizikası” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elimləri namizədi alimlik dərəcəsi almışdır. M.Ə.Mehrabova 1994-ci ildən 2023-cü ilə qədər Radiasiya Problemləri İnstitutunda elmi işçi, böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi və “Bərpa olunan enerji növlərinin çevrilmələri” laboratoriyasının rəhbəri vəzifələrində çalışmışdır. M.Mehrabova 2011-ci ildə dosent, 2018-ci ildə “АII-IVBVI halkogenidlərinin elektron quruluşu, defektəmələgəlmə enerjisi və ionlaşdirici şüalarin onlarin fiziki xassələrinə təsiri” adlı doktorluq dissertasiyası müdafiə edərək “Radiasiya materialşünaslığı” və “Yarımkeçiricilər fizikası” ixtisasları üzrə fizika elmləri doktoru elmi dərəcəsi almışdır. M.Ə.Mehrabovanın elmi tədqiqat istiqaməti əsasən II - IV qrup halkogenidlərdə və onların üçlü birləşmələrində, o cümlədən yarımmaqnit yarımkeçiricilərdə defektlərin əmələgəlmə mexanizminin nəzəri və eksperimental tədqiqini əhatə edir. Radiasiyanın təsiri ilə tədqiq edilən yarımkeçiricilərin elektron struktrunda əmələ gələn lokal səviyyələr, bu səviyyələrin itməsi proseslərini, defect əmələgəlmə enerjilərini nəzəri olaraq təməl prinsiplərdən hesablayır. İonlaşdırıcı radiasiyanın yarımmaqnit yarımkeçiricilərin epitaksial təbəqələrinin fiziki xassələrinə təsirini tədqiq edir onların xarici təsirlərə, o cümlədən radiasiyaya davamlılığını və həssaslığını araşdırır. Alınmış yarımkeçririci materiallar və onlar əsasında strukturların cihazqayırmada, əsasən radiasiya detektorları və fotovoltaikada istifadəsi imkanlarını öyrənir. M.Ə.Mehrabova 2023-cü ildən Azərbaycan Texniki Universitetinin “Mühəndis fizikası və elektronika” kafedrasının müdiri vəzifəsində çalışır. Eyni zamanda Radiasiya Problemləri İnstitutunda “Bərpa olunan enerji növlərinin çevrilmələri” laboratoriyasının aparıcı elmin işçisidir. M.Ə.Mehrabova 300-yə yaxın elmi əsərin müəllifidir. 25-dən çox xarici ölkədə (Fransa, İtaliya, İsveçrə, Finlandiya, İngiltərə, Türkiyə, Almaniya, İspaniya, Çexiya, Portugaliya, Yunanıstan, ABŞ, Rusiya, Ukrayna, Qazaxstan və s.) və Azərbaycanda keçirilən Beynəlxalq konfranslarda elmi məruzələr edib. 15-ə yaxın Beynəlxalq elmi layihənin rəhbəri və ya iştirakçısı olmuşdur. O, bir çox yerli və xarici elmi jurnalların və konfransların redaksiya heyətinin üzvü olmuşdur. H-indeksi –9. Pedaqoji fəaliyyəti: Bakı Dövlət Universiteti “Bərk cisimlər fizikası” və “Maddə quruluşu” kafedraları, Azərbaycan Texniki Universitetinin “Mühəndis fizikası və elektronika” kafedrası M.Ə.Mehrabovanın rəhbərliyi altında 20-yə yaxın tələbə layihəsi beynəlxalq və respublika olimpiadalarının qalibi olmuşdur. M.Mehrabova 2003-cü ildə "Azərbaycanın Gənc Alimləri” Beynəlxalq Layihəsinin qalibi olmuş və "XXI Əsrin Gənc Alimi” Beynəlxalq diplomu ilə təltif olunmuşdur. 2007-ci ildən texnologiyanın transferi üzrə baş mütəxəssisdir. 2011-ci ildə Beynəlxalq Ekologiya və Həyat Təhlükəsizliyi Elmləri Akademiyasının akademiki (Rusiya) diplomu alıb 2011-ci ildə Beynəlxalq Ekoenerji Akademiyasının professoru diplomu alıb. 1996-cı ildən YAP-ın üzvüdür. Evlidir 2 övladı var.
|