Xüsusi texnika və texnologiya fakültəsi Azərbaycan Respublikası müdafiə sənayesi kompleksi üçün yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə Nazirlər Kabinetinin 07.06.2011-ci il tarixli 91 nömrəli qərarı ilə yaradılıb.
Fakültədə nəzəri və praktiki dərslər universitetlə yanaşı, həftədə bir və ya bir neçə gün Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan zavodlarda, həmçinin sənaye müəssisələrinin təlim mərkəzlərində yaradılmış geniş auditoriyalarda və istehsalat sahələrində keçirilir.
Fakültənin III və IV kurs tələbələri müdafiə sənayesi kompleksinə daxil olan müəssisələrdə istehsalat təcrübəsinə cəlb olunurlar. Onlar kurs layihələri və buraxılış işlərini yerinə yetirməklə istehsalat proseslərinin təkmilləşdirilməsinə dair təkliflər irəli sürürlər.
Fakültədə 2016-cı ildə şəhidlik zirvəsinə yüksələn fakültənin məzunu, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun adına “İxtiraçılar Klubu” fəaliyyət göstərir. Tələbə Elmi Cəmiyyəti (TEC) nəzdində fəaliyyət göstərən klubun üzvləri professor-müəllim heyətinin rəhbərliyi ilə müxtəlif layihələr üzərində işləyir, model və konstruksiyalar hazırlayırlar. Klub üzvləri dəfələrlə respublika və beynəlxalq səviyyəli yarışlarda iştirak edərək öz işlərini nümayiş etdirib.
Fakültənin indiyə qədər (2025) 1128 tələbəsi məzun olub. Məzunların orta hesabla 70 faizi Müdafiə Sənayesi Nazirliyinin zavod və müəssisələrində işlə təmin olunub.
İxtisaslar üzrə qəbul yalnız dövlət sifarişi əsasında aparılır.
Azərbaycan Respublikasının müdafiə və yüksək texnologiyalar sənayesinin kadr ehtiyaclarını qarşılamaq üçün nəzəri biliklərlə yanaşı, real istehsalat bacarıqlarına yiyələnmiş, innovativ düşüncəli, milli və beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mütəxəssislər hazırlamaqdır. Fakültə həmçinin elmi-tədqiqat və ixtiraçılıq fəaliyyətlərinin stimullaşdırılması, sənayeyönümlü layihələrin təşviqi və tələbə potensialının müasir texnologiyalarla vəhdətdə inkişafını özünün əsas vəzifəsi hesab edir.
Regionda və beynəlxalq miqyasda müdafiə və xüsusi texnologiyalar üzrə qabaqcıl tədris və tədqiqat mərkəzinə çevrilməkdir. Fakültə strateji tərəfdaşlıqlar və sənaye ilə əməkdaşlıq etməklər müasir idarəetmə və tədris modellərinə əsaslanan, startap və innovasiya ekosistemində aktiv iştirak edən, tələbələrini peşəkar mühəndis və ixtiraçılar kimi yetişdirən bir mərkəz olmağı qarşısına məqsəd qoyur.