Xarici dillər kafedrasının müdiri professor Səbinə Alməmmədovanın redaktorluğu və iştirakı ilə "Business Etiquette: İş mühitində peşəkar davranış" adlı vorkşop keçirilib. İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün təşkil olunan vorkşop kafedranın müəllimi Aygül Xəlilova tərəfindən aparılıb. “Libraf Book Academy”də keçirilən vorkşop zamanı iştirakçılara iş mühitində etik davranışların vacibliyi, peşəkar münasibətlərin qurulması və etik prinsiplərin tətbiqi ilə bağlı ətraflı və dərindən biliklər təqdim edilib. Vorkşop iş yerində şəffaflıq, dürüstlük, məsuliyyət və qarşılıqlı hörmət kimi fundamental dəyərlərin təşviqinə yönəlib.
Təlimin ən mühüm komponentlərindən biri "role-play" seansları olub. "Role-play"in istifadəsi iştirakçıların iş mühitində qarşılaşa biləcəkləri müxtəlif etik dilemmləri real zaman kəsiyində canlandırmalarına və bu situasiyalarda düzgün qərar vermək bacarıqlarını inkişaf etdirmələrinə imkan yaradb. Bu praktiki yanaşma iştirakçılara yalnız nəzəri biliklər deyil, həm də konkret vəziyyətlərdə müvafiq etik davranışları sərgiləmə qabiliyyəti qazandırıb. İştirakçılar etik şəkildə qərar vermək prosesini daha yaxşı mənimsəyərək gələcəkdə qarşılaşa biləcəkləri çətinlikləri uğurla həll etməyə hazır olub.
Vorkşopda həmçinin "Fluency Circle" formatında geniş fikir mübadiləsi aparılıb. Bu metod iştirakçılara iş etikası ilə bağlı müxtəlif mövzular üzrə dərin müzakirələr aparmaq və həmkarlarının perspektivlərindən faydalanmaq imkanı yaradıb. "Fluency Circle" iştirakçıların etik prinsiplərə dair anlayışlarını zənginləşdirərək onları daha geniş müstəvidə düşünməyə və yeni yanaşmalar inkişaf etdirməyə təşviq edib.
Vorkşopun məqsədi iştirakçılara yalnız iş etikası prinsiplərini mənimsətmək deyil, eyni zamanda gələcəkdə gündəlik iş həyatlarında onları tətbiq etməklə daha səmərəli və effektiv ünsiyyət qurmaq üçün lazım olan bacarıqları qazandırmaq olub.