Nəqliyyat və logistika

Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrası

Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrası 2021-ci ilin fevral ayında Avtomobil texnikası və Dəmiryol nəqliyyatının istismarı kafedralarının birləşdirilməsi ilə yaradılıb. Avtomobil texnikası kafedrası isə 2015-ci ilin noyabr ayında Daxili yanma mühərrikləri və avtotraktorlar və Avtomobil nəqliyyatı vasitələri kafedralarının bazası əsasında yaradııb.

Dəmiryol nəqliyyatında aparılan islahatlara uyğun olaraq kadr  hazırlığının maddi-texniki bazasının yaradılması  məqsədilə AzTU-da 01.03.1997-ci il tarixində «Dəmiryol nəqliyyatı» fakültəsi yaradıldı. «Dəmir yol nəqliyyatı»  fakültəsi  2001-ci  ildə «Avtomexanika»  fakültəsi ilə  birləşdirilərək, «Nəqliyyat» fakültəsi təşkil  olundu. Sonralar «Nəqliyyat» fakültəsi «Nəqliyyat və logistika» fakültəsi adlandırıldı.

«Dəmiryol nəqliyyatının istismarı» kafedrası fəaliyyət göstərdiyi dövrdə  professor. S.M.Bağırov və prof. H.M.Əhmədovun rəhbərliyi  ilə 14 nəfər dissertasiya  işi  müdafiə  edilərək,  texnika üzrə  fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

AzTU-nun 60 illiyi ilə əlaqədar olaraq, 2001-2012-ci illərdə kafedranın müdiri işləmiş professor S.M.Bağırov «Əməkdar elm xadimi» fəxri  adına layiq  görülmüşdür.

Son illərdə «Dəmiryol nəqliyyatının istismarı» kafedrasında t.e.d., professor Əhmədov Heybətulla Mabud oğlu, t.e.n., dosent Rüstəmov Yaqub Yavər oğlu, t.e.n., dosent Elyazov İsrail Şükür oğlu, t.f.d., dosent Həsrətova Leyla Məmməd qızı, t.f.d., dosent Manafov Elşən Kamil oğlu, r.f.d., dosent Aslanov Ramin Məmməd oğlu, t.f.d., dosent Zöhrabov Nicat Rəsul oğlu, baş müəllim  Axundov Qəzənfər Nəsrulla oğlu elmi-pedaqoji fəaliyyət göstərmişlər

Daxili yanma mühərrikləri və avtotraktorlar kafedrası İstilik texnikası və istilik mühərrikləri adı ilə 1962-ci ildə Ümumi istilik texnikası və Avtomobillər kafedralarının bazasında daxili yanma mühərrikləri üzrə milli elmi məktəbin banisi, Azərbaycan Respublikasının Əməkdar Elm və Texnika Xadimi, texnika elmləri doktoru, professor Niyazi Əbilqasım oğlu Kərimov tərəfindən yaradılıb. 25 ildən artıq müddətdə professor Kərimov N.Ə. həmin kafedraya başçılıq edib. 1975-ci ildə bu kafedranın bazasında Daxili yanma mühərrikləri və soyuducu maşınlar kafedrası yaradılıb, 1997-ci ildə isə kafedra Daxili yanma mühərrikləri və avtotraktorlar kafedrası adlandırılıb. Sonrakı illərdə kafedraya prof. R.İ.Mehdiyev, dos. A.Ş.İsmayılov və prof. Z.X.Kərimov rəhbərlik ediblər.

1969-cü ildən başlayaraq kafedrada “Daxili yanma mühərrikləri”, 1991-ci ildən isə “Avtomobillər və traktorlar” ixtisasları üzrə mütəxəssis hazırlığı aparılıb. 1997-ci ildən həmin ixtisaslar üzrə magistr hazırlığına başlanılıb. 1967-ci ildən 2001-ci ilədək kafedrada “Soyuducu maşınlar” ixtisası üzrə də mütəxəssis hazırlığı aparılıb. Keçən əsrin 60-cı illərindən aspirantura xətti ilə “İstilik mühərrikləri”, 1993-cü ildən isə “Avtomobillər və traktorlar” ixtisasları üzrə elmi kadrların hazırlığı da aparılıb. Keçən müddətdə kafedrada onlarla elmlər namizədi (o cümlədən Hindistan, İraq, Suriya, Vyetnam kimi xarici ölkələr üçün) və dörd elmlər doktoru hazırlanıb.

“Avtomobil nəqliyyatı vasitələri” kafedrası 1940-cı ildə Azərbaycan Sənaye İnstitutunda “Avtomobil istismarı” kafedrası adı ilə fəaliyyətə başlayıb. İlk kafedra müdiri dosent Sergey Viktoroviç Valedinski olub. Kafedra respublikada avtomobil nəqliyyatı sahəsində mütəxəssislər hazırlayan ilk ixtisas kafedrası olub. Qısa bir dövr (1941-1947) ərzində kafedranın hazırladığı kadrlar sırasından müəllim kimi fəaliyyətə başlayan mütəxəssislər onun maddi-texniki bazasının yaradılmasında fəal iştirak ediblər. Bu kafedra 1950-ci ildə Azərbaycan Politexnik İnstitutu yaradıldıqda onun tərkibinə daxil edilib.