![]() |
Nəqliyyat və logistika fakültəsinin dekanı Şərifov Allahverdi Camal oğlu 09 yanvar 1984-cü ildə Gürcüstan Respublikası Marneuli rayonunun Sadaxlı kəndində anadan olub. 2001-ci ildə Sadaxlı kənd 2 saylı orta məktəbini bitirərək Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə müxtəlif fənn olimpiyadalarında iştirak edib, fakültənin dekanlığı tərəfindən təşəkkürnamə və fəxri fərmanlarla təltif olunub. 2005-ci ildə Nəqliyyat fakültəsinin Yol hərəkətinin təşkili ixtisası üzrə bakalavr səviyyəsini fərqlənmə diplomu, 2007-ci ildə isə həmin ixtisasın magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib. 2012-2015-ci illərdə 3327.01 - Nəqliyyat sistemləri texnologiyası ixtisasında texnika üzrə fəlsəfə doktoru proqramında (dissertantura) təhsilini davam etdirib. 2016-cı ildə Nəqliyyat sistemləri texnologiyası ixtisası üzrə “Nəqliyyat axınının parametrlərinin avtomobillərin hərəkət təhlükəsizliyinə təsiri” mövzusunda dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2020-2025-ci illərdə 3327.01 - Nəqliyyat sistemləri texnologiyası ixtisası üzrə texnika elmləri doktoru proqramında (dissertantura) təhsilini davam etdirib. 2020-ci ildən “Nəqliyyat axınlarında toqquşmaların yaranma mexanizmi və onların müasir avtotexniki ekspertizası üsulları” mövzusunda 3327.01 - “Nəqliyyat sistemləri texnologiyası” ixtisasında texnika üzrə elmlər doktoru proqramında (dissertantura) təhsilini davam etdirir. 2007-ci ildə “DET-AL Limited” MMC şirkətinin “Nəqliyyat Departamenti”ndə təcrübəçi kimi çalışıb. 2008-2009-cu ildə hərbi xidmətdən qayıtdıqdan sonra “AZTEX Group” MMC şirkətində yük avtomobilləri üzrə satış meneceri və “Grandmotors” MMC şirkətində ehtiyat hissələri üzrə satış meneceri vəzifələrində çalışıb. 2014-2016-cı illərdə “AZTEXNİKA” MMC şirkətində 0,5 ştat yük avtomobilləri sahəsində servis və satış üzrə texniki məsləhətçi vəzifəsində çalışıb. 2009-cu ildən Azərbaycan Texniki Universitetinin “Avtomobil daşımaları və yol hərəkətinin təşkili” kafedrasında laboratoriya müdiri, 2010-cu ildən laboratoriya müdiri və əvəzçiliklə 0,5 ştat assistent, 2014-cü ildən assistent, 2015-ci ildən baş müəllim və 2018-ci ildən isə dosent vəzifəsində işləyib. 2017-2019-cu illərdə AzTU Tələbə Elmi Cəmiyyətinin sədri vəzifəsində çalışıb. 2020-ci ildən Nəqliyyat və logistika fakültəsinin dekanı vəzifəsinə təyin olunub. 2017-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən “İlin Peşəkar Gənci” müsabiqəsinin qalibi olub. 2021-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə Fəxri fərmanla təltif olunub. 2022-ci ildə Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi münasibətilə Fəxri Fərmanlan təltif olunub.
60 elmi məqalənin, 1 dərs vəsaitinin, 1 dəsrliyin, 16 fənn proqramının və 2 metodik göstərişin müəllifidir. Məqalələri Rusiyada, Ukraynada, Estoniyada, Gürcüstanda, Türkiyədə, Norveçdə, Avstraliyada və Slovekiyada dərc olunub. CRENG (Erasmus +K2) Crisis and risk engineering for transport services magistr, İctimai xidmətlərin əhatəliliyinin və keyfiyyətinin artırılması üçün qərar qəbul etmə mexanizmlərinin işlənməsi (pilot olaraq Abşeron və Qobustan rayonunun nəqliyyat sektorunun timsalında), Azərbaycan Respublikasının şəhərlərində şəhərdaxili mobillik (hərəkətlilik) planının hazırlanması layihələrində iştirak edib. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Ailəlidir, 2 qızı var. |