Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

Logistika və nəqliyyat texnologiyaları istiqaməti üzrə təhsil alan tələbələr nəqliyyatın müxtəlif fəaliyyət sahələrində islehsalat, texniki, texnoloji, nəzəri və praktiki məsələlərin həllini, təcrübi təhlillər aparmağı, nəqliyyat növləri arasında qarşılıqlı əlaqələr yaratmağı, öz peşə fəaliyyətində müxtəlif mənbələrdən informasiya almağı və logistik proseslərdə ondan istifadəni, nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyini, texniki istismar qaydalarını, əməliyyatların və hərəkətin təşkilini, ekoloji təhlükəsizliyə və istehsalat fəaliyyətinin təşkilinə dair bilikləri öyrənirlər. Onlar ölkəmizdə və dünyada fəaliyyət göstərən logistika şirkətlərində, böyük holdinqlərin logistik bölmələrində, beynəlxalq ticarətlə məşğul olan şirkətlərdə və digər qurumlarda işləyə bilərlər. Onların fəaliyyəti ölkəmizdə mövcud olan bütün nəqliyyat növlərini, o cümlədən avtomobil, dəmiryolu, su və hava nəqliyyatını əhatə edir.

Nəqliyyatda servis (nəqliyyat növləri üzrə)

Bu ixtisasda təhsil alan tələbələr nəqliyyat daşımalarının növləri, daşıma prosesi, daşıma sənədləri, daşımaların təşkilində müasir texnologiyalardan istifadə ilə bağlı bilik və bacarıqlar öyrənirlər. Tələbələr mənimsədikləri bilik, bacarıq və vərdişlər nəticəsində optimal servis infrastrukturunun təmin edilməsi şərtləri, xidmətlər sferasında informasiya sistemləri və texnologiyalarının istifadəsi, turizmin nəqliyyat təminatı, nəqliyyatda hüquqi münasibətlər, daşıma prosesinə uyğun nəqliyyat vasitələrinin seçilməsi prinsipləri, bazar şəraitində nəqliyyat servisinin optimallaşdırılması sahəsində yüksək ixtisaslı mütəxəssislər kimi formalaşırlar.

Nəqliyyat mühəndisliyi

Bu ixtisasda nəqliyyat sektorunda istehsalat-peşə, təşkilati-idarəçilik, təşkilati-inzibatçılıq, sahələr üzrə elmi-tədqiqatların aparılması üzrə peşəkar kadrlar hazırlanır. Bu ixtisası bitirən tələbələr avtomobil və dəmiryolu nəqliyyatı müəssisələri, nəqliyyat vasitələrinin servisi, lizinq, diler və s. təşkilatlarda, yol hərəkətinin təşkili və təhlükəsizliyi üzrə dövlət müəssisələrində, nəqliyyat sahəsi üzrə ali və orta ixtisas peşə məktəbləri, layihə-tədqiqat institutlarında işləyə bilərlər.