İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı,
i.f.d., dosent Musayeva Fərqanə Qəzənfər qızı
Tel: (+994 12) 539 11 13
E-poçt: farganamusayeva@aztu.edu.az 

Musayeva Fərqanə Qəzənfər qızı 12 oktyabr 1980-ci ildə Mingəçevir şəhərində anadan olub. 1997-ci ildə Mingəçevir şəhər liseyinin riyaziyyat-iqtisadiyyat qrupunu bitirərək Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinə daxil olub. 2001-ci ildə Bakı Dövlət Universitetində iqtisadi nəzəriyyə ixtisasının bakalavriat, 2003-cü ildə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.

2008-ci ildə “Azərbaycan iqtisadiyyatının qeyri-dövlət sektorunda səmərəli məşğulluğun təmin edilməsinin sosial-iqtisadi problemləri” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək ümumi iqtisadiyyat ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2013-cü ildə iqtisadi nəzəriyyə ixtisası üzrə dosent elmi adını alıb.

2004-2019-cu illər ərzində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrini icra edib.

2009-2014-cü illərdə İqtisadiyyat üzrə Respublika Elmi-Tədqiqatlarının Təşkili və Əlaqələndirmə şurasının, 2014-2017-ci illərdə AMEA İqtisadiyyat İnstitutunun nəzdindəki Dissertasiya şurasının katibi vəzifəsində çalışıb. 2020-ci ilin yanvarından etibarən AMEA İqtisadiyyat İnstitutunda fəaliyyət göstərən Elmi seminarın üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin hazırlanmasında AMEA İqtisadiyyat İnstitutunun nümayəndəsi olub. “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il  tarixli Sərəncamının icrası olaraq “İnsan kapitalı” istiqaməti üzrə yaradılmış işçi qrupunun üzvüdür.

2011-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən elm sahəsindəki nailiyyətlərinə görə "Gənclər Mükafatı”na layiq görülüb.

2019-cu ilin dekabrında Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı vəzifəsinə seçilib.

Ailəlidir, bir övladı var.