![]() |
Xüsusi təyinatlı materiallar və vasitələr kafedrasının müdiri Bəşirov Rasim Cavad oğlu 15 mart 1957-ci ildə Azərbaycan Respublikası Abşeron rayonu Güzdək qəsəbəsində anadan olub.1964-1974 cü illərdə Abşeron rayonu Güzdək orta məktəbində təhsil alıb. 1974-1979-cu illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Mexanika fakultəsində təhsil alıb və Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər ixtisası üzrə institutu fərqlənmə diploma ilə bitirib. 1990-ci ildə texnika elmləri namizədi, 2004-cü ildə isə texnika elmləri doktoru alimlik dərəcəsi alıb. 1994-cu ildə dosent, 2010-cu ildə isə professor elmi adını alıb. 1979-1983-illərdə AMEA Tətbiqi Fizika İnstitutunda mühəndis vəzifəsində işləyib. 1989-1994-illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) “Metalkəsən alətlər və dəzgahlar” kafedrasının baş müəllimi işləyib. 1994-2000-illərdə Azərbaycan Texniki Universiteti – Tərbiyə işləri üzrə prorektor, “Metalkəsən alətlər və dəzgahlar” kafedrasının dosenti olub. 2000-2004-illərdə Azərbaycan Dövlət Dəniz Akademiyası – Tədris və tərbiyə işləri üzrə prorektor, “Tətbiqi mexanika” kafedrasının dosenti olub. 2004-2009-illərdə Salyan rayon icra hakimiyyətinin başçısı vəzifəsində işləyib. 2009-2015-illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru, “Gəmiqayırma və gəmi təmiri” kafedrasının professor olub. 2015-2019-illərdə Azərbaycan Texniki Universiteti “Xüsusi texnika və texnologiyalar” kafedrasının professoru olub. 2019-2021-illərdə Azərbaycan Texniki Universitetinin “Hidravlika və istilik texnikası” kafedrasının müdiri olub. 2021-ci ildə “Xüsusi təyinatlı materiallar və vasitələr” kafedrasının müdiri vəzifəsinə təyin olunub. Elmi-pedaqoji fəaliyyəti dövründə 140-dən çox elmi, elmi-metodiki məqalələrin və ixtiraların; o cümlədən 2 monoqrafiyanın, 6 dərsliyin, 10-dan artıq dərs vəsaitlərinin, 6 ixtiranın müəllifidir. Elmi əsərləri Almaniya, Polşa, Rusiya, Estoniya, Hindistan, Qazaxstan və Ukraynanın qabaqcıl texniki jurnallarında çap olunmuşdur. Müxtəlif beynəlxalq, eləcə də respublika elmi-texniki və metodiki konfranslarda çıxış etmişdir. Azərbaycanda “Gəmiqayırma və gəmi təmiri” ixtisası üzrə ilk professor adına layiq görülən və “Sudostroeniya”, “Morskoy flot” jurnallarında elmi məqalələri dərc edilən alimdir. Bakalavr və magistr tədrisində – “Emal üsulları və alətlər”, “Metalkəsən alətlər”, “Metalkəsən dəzgahlar”, “Maşın istehsalı avadanlığı”, “Maşınqayırma müəssisələrinin alət təminatının müasir problemləri” fənlərindən mühazirələr oxumuş, kurs layihələrinə, mühəndis diplom və bakalavr buraxılış işlərinə, magistr dissertasiyalarına rəhbərlik edib. AzTU-nun elmi şurasının və AAK-nın Ekspert şurasının üzvüdür. |