Yüksək Təhsil İnstitutu

Ümumi Məlumat




Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində fəaliyyət göstərən Yüksək Təhsil İnstitutu AzTU-nun Elmi şurasının 27 dekabr 2021-ci il tarixli qərarı ilə yaradılıb.

Yüksək Təhsil İnstitutunun əsas missiyası texniki sahələr üçün müasir tələblərə cavab verən peşəkar kadrlar hazırlamaq, o cümlədən yaradıcı təfəkkürə, tədqiqat aparma və idarəetmə qabiliyyətinə malik olan mütəxəssislər yetişdirməkdir. Yüksək Təhsil İnstitutunun əsas fəaliyyət istiqaməti magistratura və doktorantura təhsil səviyyələrində tədris və tədqiqat proseslərinin təşkil edilməsi ilə bağlıdır. Bundan başqa elmi tədqiqatların aparılmasında, beynəlxalq və yerli layihələrdə iştirak etməkdə doktorant, dissertant və magistrantlara dəstək olmaq, dissertasiya işlərini istehsalatın real problemlərinin həllinə yönəltmək, müxtəlif elm sahələri üzrə elmi nailiyyətləri və innovativ texnologiyaları təqib etməklə yüksək səviyyəli elmi kadrların hazırlığına kömək etmək də institutun fəaliyyət sferasına daxildir.

İnstitutda magistratura səviyyəsi üzrə 36 ixtisasda 126 ixtisaslaşma üzrə tədris təşkil olunur. Tədris dörd dildə aparılır: azərbaycan, ingilis, alman və rus dillərində. Hazırda Yüksək Təhsil İnstitutunda 3247 tələbə təhsil alır.

Texniki Universitetində yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktoranturadа həyata keçirilir və müvafiq elmi dərəcələrin (fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatır. Doktoranturada təhsil alma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formada fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Doktoranturada təhsil dövlət hesabına və ya ödənişli əsaslarla həyata keçirilir, təhsil müddəti isə əyani 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir. Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Hazırda fəlsəfə və elmlər doktoru proqramları üzrə 30 ixtisas üzrə doktorant və dissertantların ümumi sayı 177 nəfərdir (o cümlədən fəlsəfə doktoru proqramı üzrə: 146 doktorant, 1 dissertant, 19 nəfər elmlər doktoru proqramı üzrə doktorant və 11 dissertant).