Yüksək Təhsil İnstitutu

YÜKSƏK TƏHSİL İNSTİTU

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində fəaliyyət göstərən Yüksək Təhsil İnstitutu AzTU-nun Elmi şurasının 27 dekabr 2021-ci il tarixli qərarı ilə Magistratura və Doktorantura şöbələrinin bazasında yaradılıb.

Yüksək Təhsil İnstitutunun əsas missiyası texniki sahələr üçün müasir tələblərə cavab verən peşəkar kadrlar hazırlamaq, o cümlədən yaradıcı təfəkkürə, tədqiqat aparma və idarəetmə qabiliyyətinə malik olan mütəxəssislər yetişdirməkdir. Yüksək Təhsil İnstitutunun əsas fəaliyyət istiqaməti magistratura və doktorantura təhsil səviyyələrində tədris və tədqiqat proseslərinin təşkil edilməsi ilə bağlıdır. Bundan başqa elmi tədqiqatların aparılmasında, beynəlxalq və yerli layihələrdə iştirak etməkdə doktorant, dissertant və magistrantlara dəstək olmaq, dissertasiya işlərini istehsalatın real problemlərinin həllinə yönəltmək, müxtəlif elm sahələri üzrə elmi nailiyyətləri və innovativ texnologiyaları təqib etməklə yüksək səviyyəli elmi kadrların hazırlığına kömək etmək də  institutun fəaliyyət sferasına daxildir.

İnstitutda magistratura səviyyəsi üzrə 36 ixtisasda 127 ixtisaslaşma üzrə tədris təşkil olunur. Tədris üç dildə aparılır: azərbaycan, ingilis və rus dillərində. Hazırda Yüksək Təhsil İnstitutunun magistratura şöbəsində 1780 tələbə təhsil alır.

Azərbaycan Texniki Universitetində yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktoranturadа həyata keçirilir və müvafiq elmi dərəcələrin (fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatır. Doktoranturada təhsil alma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formada fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Doktoranturada təhsil dövlət hesabına və ya ödənişli əsaslarla həyata keçirilir, təhsil müddəti isə əyani 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir. Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Hazırda fəlsəfə və elmlər doktoru proqramları üzrə 30 ixtisas üzrə doktorant və dissertantların ümumi sayı 118 nəfərdir (o cümlədən  fəlsəfə doktoru proqramı üzrə: 61 doktorant, 20 dissertant, 20 nəfər elmlər doktoru proqramı üzrə doktorant və 17 dissertant).