Yüksək Təhsil İnstitutu

SABAH Magistratura




Azərbaycan Texniki Universitetində “SABAH Magistratura” Proqramları haqqında MƏLUMAT


I. Ümumi məlumat

  • Ali təhsilin magistratura səviyyəsində yeni məzmun hazırlanması haqqında 2020-ci ilin dekabrında Təhsil Nazirliyi tərəfindən müxtəlif ixtisaslar üzrə qrant müsabiqəsi elan edilmiş və Azərbaycan Texniki Universitetinin (AzTU) 060623 “Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi” ixtisasının “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə qrant təklifi Nazirlik tərəfindən seçilmişdir. Təhsil Naziri cənab Emin Əmrullayevin F-570 saylı əmri ilə müvafiq qrant vəsaitləri AzTU-ya ayrılmışdır. Beləliklə, 2021/2022-ci tədris ilində “SABAH Magistratura” Proqramı çərçivəsində “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə tədrisə başlanılmışdır.

  • 2022/2023-cü tədris ilindən “SABAH Magistratura” Proqramı çərçivəsində 060632 - “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasının “Kibertəhlükəsizlik” ixtisaslaşması üzrə tədrisə başlanılmışdır.
II. SABAH Magistratura - Logistika və nəqliyyat

  • 2021/2022-ci tədris ilində AzTU-da “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə SABAH Magistratura Proqramı çərçivəsində 48 nəfər qəbul olunmuşdur ki, bu da qəbul planının 80%-ni təşkil etmişdir. Bunlardan 85%-i kişi, 15%-i isə qadınlardır. 20-24 yaş arası tələbələr 92% , 25 yaşdan yuxarı arası isə 8% olmuşdur.

  • 2022/2023-cü tədris ilində isə AzTU-da “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə SABAH Magistratura Proqramı çərçivəsində 47 nəfər qəbul olunmuşdur ki, bu da qəbul planının 78%-ni təşkil etmişdir. Bunlardan 87%-i kişi, 13%-i isə qadınlardır. 20-24 yaş arası tələbələr 96%, 25 yaşdan yuxarı isə 4% təşkil edir.

  • 2023/2024-cü tədris ilində isə AzTU-da “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə SABAH Magistratura Proqramı çərçivəsində 59 nəfər qəbul olunmuşdur ki, bu da qəbul planının 99%-ni təşkil etmişdir. Bunlardan 87%-i kişi, 13%-i isə qadınlardır. 20-24 yaş arası tələbələr 96% , 25 yaşdan yuxarı isə 4% təşkil edir.

  • AzTU-da Azərbaycan Texniki Universitetində yaradılmış “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə tədris proqramının məqsədi - Azərbaycanın inkişaf perspektivləri və imkanları nəzərə alınmaqla, logistika sahəsində yüksək ixtisaslı kadr təminatının həyata keçirilməsi, dayanıqlığının təmin olunması, həmçinin tədris-metodiki və maddi-texniki bazasının müasirləşdirilməsidir.

  • Təhsil Proqramının məzunlarının əldə etdikləri peşə kompetensiyaları onlara Azərbaycanın daxil olduğu regional logistik layihələrdə həm yerli, həm də xarici şirkətlərdə logistika və təchizat zənciri sahəsində işləmək imkanı yaradacaqdır.
III. SABAH Magistratura - Kibertəhlükəsizlik

  • 2022/2023-cü tədris ilində isə AzTU-da “Kibertəhlükəsizlik” ixtisaslaşması üzrə SABAH Magistratura Proqramı çərçivəsində 89 nəfər qəbul ounmuşdur ki, bu sa qəbul planının 89%-ni həyata keçirilmişdir. Bunlardan 90%-i kişi, 10%-i isə qadınlardır. 20-24 yaş arası 94%, 25 yaşdan yuxarı isə 6% təşkil edir.

  • 2023/2024-cü tədris ilində isə AzTU-da “Kibertəhlükəsizlik” ixtisaslaşması üzrə SABAH Magistratura Proqramı çərçivəsində 70 nəfər qəbul olunmuşdur ki, bu da qəbul planının 100%-ni həyata keçirilmişdir. Bunlardan 95%-i kişi, 5%-i isə qadınlardır. 20-24 yaş arası 94% , 25 yaşdan yuxarı isə 5% təşkil edir.

  • AzTU-nun “Kibertəhlükəsizlik” ixtisaslaşması üzrə tədris proqramının məqsədi - Azərbaycanda müasir tələblərə cavab verən, lazımi bilik və səriştələrə yiyələnəcək yerli kibertəhlükəsizlik kadrlarının hazırlanmasıdır. Son dövrlərdə ölkənin kritik informasiya infrastrukturu obyektlərinə olan kiber hücumlar bu sahədə peşəkar kadrların hazırlanmasının vacibliyini bir daha önəmli etmişdir.
  • Təhsil Proqramının məzunlarının əldə edəcəkləri peşə kompetensiyaları onlara dövlət və özəl təşkilatlarda informasiya təhlükəsizliyi bölmələrində kibertəhlükəsizlik xidməti göstərən dövlət və özəl müəssisələrdə, kritik informasiya infrastrukturu obyektlərində, rəqəmsal inkişaf layihələrində, kibertəhlükəsizlik əməliyyatları mərkəzlərində işləyə imkan verir.
IV. SABAH Magistratura Proqramları - Gələcək perspektivlər

  • Müxtəlif sənaye sahələrinin peşə kompetensiyaları ilə bağlı tələblərini nəzərə alaraq, AzTU-da gələcək tədris illərində “Telekommunikasiya” və “Metallurgiya” sahələrində oxşar tədris proqramlarının yaradılması nəzərdə tutulur.

 

 V. SABAH Magistratura Proqramları  üzrə tələbələr üçün təşkil olunmuş səfərlər və təlimlər haqqında məlumat

 

AzTU-nun "SABAH Magistratura" tələbələrinin "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Stansiyasına səfəri

7 iyun 2022-ci il tarixində ARTİ-nin təşkilatçılığı ilə AzTU-nun “SABAH Magistratura” proqramının “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə təhsil alan bir qrup tələbəsi “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Stansiyasına səfər edib. Biləcəri Stansiyasının rəhbəri Elmar Məmmədov tələbələri stansiyanın sxemi ilə tanış edib və onlara görülən işlər barədə ətraflı məlumat verib. O, vurğulayıb ki, bu sahədə uğur qazanmaq üçün ilk pillədən başlayaraq işə tam şəkildə yiyələnmək vacibdir. Səfərin proqramı barədə məlumat əldə etdikdən sonra tələbələr lokomotiv ilə stansiya ərazisində gəzintiyə yollanıblar. İlk olaraq səfər iştirakçılarına qatarların gediş-gəlişinə nəzarət və onların qeydiyyata alınması, dispetçerlərin iş prosesi əyani olaraq nümayiş etdirilib. Sonra tələbələr yuyucu-buxarlayıcı stansiyada vaqonların necə təmizləndiyini izləyiblər. Son stansiyada isə tələbələrə fövqəladə hallar baş verən zaman atılan addımlar izah edilib və vaqonların təmir olunması prosesi göstərilib. Biləcəri Stansiyasına təşkil edilən bu dərsdənkənar fəaliyyətdə iştirak edərək tələbələr auditoriya daxilində qazandıqları bilik və bacarıqları praktiki cəhətdən möhkəmləndiriblər.

                                              tehsilt2

 

AzTU-nun "SABAH Magistratura" tələbələri üçün keçirilən "Dəniz nəqliyyatı və Liman logistikası" təlimi

ARTİ və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) birgə təşkilatçılığı ilə AzTU-nun “SABAH Magistratura” proqramının “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə təhsil alan tələbələr üçün təlim keçirilib. “Dəniz nəqliyyatı və Liman logistikası” adlı təlim kursu nəzəri və praktiki hissədən ibarət olub. Təlimin 1-ci hissəsi AzTU-da Bakı Limanının Təlim Mərkəzinin ixtisaslaşmış heyəti tərəfindən keçirilib və 2 həftə davam edib. Sözügedən hissədə dünyada və ölkəmizdə dəniz yolu ilə yükdaşımaların tarixi və bu daşımaları nizamlayan beynəlxalq Konvensiya sazişləri və qaydalar, dəniz daşımalarında istifadə olunan gəmilər və konteynerlər, yüklərin yüklənib-boşaldılmasında tətbiq olunan mexanizm və avadanlıqlar, yüklərin qəbulu üçün anbarların hazırlanması, dispetçer xidmətləri kimi mövzular əhatə olunub. Təlimin praktiki hissəsi isə yaxın günlərdə Ələt qəsəbəsində yerləşən limanda baş tutacaq. Səfər çərçivəsində tələbələr limanın ərazisi, terminalları və yükdaşıma əməliyyatları ilə yaxından tanış olacaqlar. 24 fevral 2022-ci il tarixində ARTİ ilə Bakı Limanı arasında AzTU-nun “SABAH Magistratura” proqramının tələbələrinin limanın Təlim Mərkəzində dəniz nəqliyyatı və liman logistikasını əhatə edən müxtəlif mövzularda təlim proqramlarına və istehsalat təcrübəsinə cəlb olunması ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

                                     t3t34

 

AzTU-nun "SABAH Magistratura" tələbələrinin Ələt qəsəbəsində yerləşən Bakı Limanına səfəri

ARTİ və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) birgə təşkilatçılığı ilə AzTU-nun “SABAH Magistratura” proqramının “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə təhsil alan tələbələri Ələt qəsəbəsində yerləşən limana təlim səfərində iştirak ediblər. “Dəniz nəqliyyatı və Liman logistikası” adlı təlim kursunun praktiki hissəsi çərçivəsində təşkil olunan səfərə Liman əməliyyatlarına nəzarət mərkəzi daxilində gəzintidən başlayaraq tələbələrə limanın fəaliyyətləri haqqında qısa məlumat verilib. Sonra liman ərazisinə tura çıxmadan öncə əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamenti tərəfindən qısa təhlükəsizlik qaydaları haqqında təqdimat edilib, iştirakçılara dəbilqə və digər təhlükəsizlik əşyaları paylanılıb. Liman ərazisində tələbələrə yük terminalı və həmin terminalda qablaşdırılmış, səpkili və konteyner yüklərinin yüklənib-boşaldılma qaydaları izah edilib. Həmçinin, təhsilalanlar Ro-Ro terminalı və sözügedən terminalda özü hərəkət edən nəqliyyat vasitələrinin Ro-Ro gəmilərinə yüklənib-boşaldılması, Bərə terminalı və bu terminalda vaqonların bərə gəmilərinə yüklənib-boşaldılması prosesi ilə tanış olublar. Sonda səfər iştirakçılarına limanda olan anbarlar göstərilib və onlar haqqında məlumat verilib. 24 fevral 2022-ci il tarixində ARTİ ilə Bakı Limanı arasında AzTU-nun “SABAH Magistratura” proqramının tələbələrinin limanın Təlim Mərkəzində dəniz nəqliyyatı və liman logistikasını əhatə edən müxtəlif mövzularda təlim proqramlarına və istehsalat təcrübəsinə cəlb olunması ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

              t5t6t7t8

 

AzTU-nun "SABAH Magistratura" tələbələri üçün keçirilən "İnnovasiya və strateji liderlik" (Tədqiqat meneceri) təliminin infosessiyası

1 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU), Bakı Dövlət Universitetinin (BDU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “SABAH magistratura” proqramında təhsil alan bir qrup tələbəsi üçün Təhsil Texnologiyaları Mərkəzində “İnnovasiya və strateji liderlik” (Tədqiqat meneceri) təliminin infosessiyası keçirilib. ARTİ-nin Peşə və ömürboyu təhsil şöbəsinin müdiri Səbinə Babayeva infosessiyanı açıq elan edərək, təlim haqqında tələbələrə ətraflı məlumat verib. O, təlimin sonunda təhsilalanların genişlənən bazarları və sənaye sahələrini qiymətləndirə biləcəklərini, həmin sahələr üzrə təhlil etmə və onlara təsir edə bilmək üçün konsepsiyaları öyrənərək müvafiq alətlərdən istifadə edə biləcəklərini, nəzəri, texniki biliklərini mövcud dövrün tələblərinə uyğunlaşdıraraq real iş dünyası problemlərini müəyyən edə və innovativ həll yolları hazırlaya biləcəklərini vurğulayıb. Daha sonra ARTİ-nin direktoru və sözügedən təlim üzrə təlimçi Rüfət Əzizov 4 moduldan (“İnnovasiya strategiyası”, “Dizayn düşüncə”, “Hərtərəfli (əhatəli) düşünmə”, “Sistem düşüncə və strateji lider”) ibarət olan bu təlimin hər modulu 18 saatdan ibarət olmaqla, ümumilikdə 72 saatdan ibarət olduğunu vurğulayıb. O, eyni zamanda bildirib ki, tələbələrin təlimin məzmununu daha yaxşı mənimsəyə bilmələri üçün təlim prosesi boyunca müxtəlif dünya brendlərindən nümunələr təqdim olunması, o cümlədən, hər modulun sonunda praktik tapşırıq və xüsusi dəvət olunmuş qonağın çıxışı nəzərdə tutulub. ARTİ ADPU, AzTU və BDU-da həyata keçirilən “SABAH Magistratura” proqramının məzmununun hazırlanmasını və tələbələrin dərsdənkənar fəaliyyətlərini təşkil edir. 

                                         

 

AzTU-nun "SABAH Magistratura" tələbələri üçün Bakı Gənclər Mərkəzində keçirilən "Kibertəhlükəsizlik" təlimi

2023-cü ildə KiberTəhlükəsizlik Platforması tərəfindən Bakı Gənclər Mərkəzində Azərbaycan Texniki Universitetinin AzTU Beynəlxalq Biznes Məktəbinin SABAH Magistratura tələbələrinə dörd həftəlik peşəkar Kibertəhlükəsizlik təlimlərinin keçirilməsinə start verilmişdir. Təlimlər ilkin səviyyədə “Kibertəhlükəsizliyin əsasları”, “Ethical Hacking”, “Network Security”, “SOC Analyst” və s. kimi mövzuları əhatə etmiş və xüsusi laboratoriya şəraitində tədris olunmuşdur.