Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Əyyub Kərimov ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Türkiyənin Bursa Uludağ Universitetində keçirilən “Azərbaycan-Türkiyə. Bir millət, iki dövlətin yenilməzlik fəlsəfəsi” mövzusunda beynəlxalq konfransda iştirak edib. Əyyub Kərimov konfransda “Heydər Əliyev azərbaycançılıq ideologiyasının banisidir” mövzusunda çıxış edib.
AzTU professoru həmçinin Şimali Kipr Türk Respublikasında keçirilən “İqtisadiyyat və Sosial Elmlər üzrə Doqquzuncu Beynəlxalq konfransda (E&SS 2023)” iştirak edərək “Ümummilli lider Heydər Əliyevin təhsil siyasəti və onun əsas xüsusiyyətləri” mövzusunda çıxış edib.
Çıxışlar zamanı Əyyub Kərimov ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə gördüyü işləri, quruculuq fəaliyyətini, uğurlu daxili və xarici siyasətini, ölkənin inkişafı istiqamətində apardığı islahatları konfrans iştirakçılarının diqqətinə çatdırıb.