Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU-da Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı dəyirmi masa keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Dayanıqlı İnkişaf Məqsədlərinin müxtəlif istiqamətlərinə (SDG 1 – Yoxsulluğa son, SDG 2 – Aclığa son və SDG 8 – Layiqli əmək və iqtisadi artım istiqamətlər) həsr olunmuş dəyirmi masa təşkil olunub. Tədbirdə universitetin əməkdaşları və tələbələri ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri professor Elşad Məmmədov və şuranın üzvü, iqtisadçı-ekspert Aslan Əzimzadə iştirak ediblər. Universitetin Kommunikasiya şöbəsinin əməkdaşı Mehti Namazov bildirib ki, AzTU innovasiya, təhsil və elmi tədqiqatlar vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasına töhfə vermək üçün müxtəlif tədbirlər həyata keçirir. O qeyd edib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər universitetdə sosial məsuliyyət və dayanıqlı inkişaf prinsiplərinin təşviqinə xidmət edir. Daha sonra çıxış edən iqtisadçı-ekspert Aslan Əzimzadə SDG 1, SDG 2 və SDG 8 məqsədlərinin bir-biri ilə sıx bağlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, yoxsulluğun azaldılması və ərzaq təhlükəsizliyinin təmin olunması üçün əsas şərtlərdən biri davamlı və inklüziv iqtisadi artımın formalaşdırılmasıdır. Ekspert bildirib ki, iqtisadiyyatın real sektoruna yönələn investisiyalar kənd təsərrüfatı və istehsal sahələrində məhsuldarlığın artırılmasına, yeni iş yerlərinin yaradılmasına və sosial rifahın yüksəlməsinə mühüm təsir göstərir. Dəyirmi masa çərçivəsində iştirakçılar arasında geniş müzakirələr aparılıb. Müzakirələr zamanı Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində ali təhsil müəssisələrinin rolu, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının əhəmiyyəti və gənclərin iqtisadi inkişaf proseslərinə fəal cəlb olunmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, universitetlər yalnız təhsil verməklə kifayətlənməməlidir. Ali təhsil müəssisələr həmçinin innovativ ideyaların formalaşmasına, sahibkarlığın təşviqinə və sosial problemlərin həllinə töhfə verən platforma rolunu da oynayırlar. Tədbirdə tələbələrin sualları cavablandırılıb, xüsusilə gənclərin məşğulluq imkanlarının artırılması, startap fəaliyyətinin təşviqi və iqtisadi inkişafda innovasiyaların rolu ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda iştirakçılar Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində dövlət qurumları, akademik mühit və cəmiyyət arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Azərbaycan Texniki Universitetində (AzTU) Dayanıqlı İnkişaf Məqsədlərinin müxtəlif istiqamətlərinə (SDG 1 – Yoxsulluğa son, SDG 2 – Aclığa son və SDG 8 – Layiqli ə ..

2026-03-11
AzTU

“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” mövzusunda respublika konfransı keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Texniki Universiteti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı ilə ETN İnformasiya Texnologiyaları İnstitutunda “Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” mövzusunda respublika konfransı keçirilib. Tədbirin açılış mərasimində AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək son illər ölkəmizdə rəqəmsal transformasiya proseslərinin sürətlənməsi istiqamətində kibertəhlükəsizlik və kibersuverenlik məsələlərinin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini qeyd edib, bu baxımdan konfransın dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-nəzəri və praktiki problemləri, həlli yolları, mövcud yanaşmalar və aparılan tədqiqatların nəticələrinin müzakirəsinə həsr olunduğunu vurğulayıb. O, qeyd edib ki, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın qəbul olunması, eləcə də “Azərbaycanın yeni rəqəmsal arxitekturası” üzrə vahid fəaliyyət planının müəyyənləşdirilməsi bu sahədə elmi əsaslı yanaşmaların və institusional əməkdaşlığın aktuallığını daha da artırıb. “Dayanıqlı və təhlükəsiz rəqəmsal arxitektura dövlətin kibersuverenliyinin qarantıdır” mövzusunda geniş məruzə ilə çıxış edən akademik, mövzunun Azərbaycanda yeni rəqəmsal arxitekturanın formalaşdırılması zəruriyyəti və qlobal texnoloji çağırışlar kontekstində onun elmi-texnoloji əsaslarının işlənməsi məsələsinə həsr olunduğunu bildirib.   Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov çıxışında kibersuverenlik məsələsinə milli təhlükəsizlik və dövlət maraqları prizmasından yanaşaraq bildirib ki, müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafı dövlətlərin suverenliyinə yeni çağırışlar, tələblər formalaşdırır. Onun sözlərinə görə, kiberməkan artıq yalnız texnoloji sahə deyil, həm də siyasi, iqtisadi, sosial və mədəni proseslərə təsir göstərən mühüm strateji mühitə çevrilib. Bu səbəbdən dövlətlərin kibersuverenliyinin qorunması milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi kimi xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə rəqəmsal dövlət quruculuğu, süni intellekt texnologiyalarının tətbiqi və cəmiyyətin rəqəmsallaşdırılması istiqamətində mühüm addımların atıldığını söyləyən məruzəçi bu proseslər fonunda ölkəmizin kibertəhlükəsizliyi və kibersuverenliyinin möhkəmləndirilməsinin qarşıda duran əsas vəzifələrdən biri olduğunu diqqətə çatdırıb, bu kimi elmi konfransların kibersuverenliyə dair aktual problemlərin müzakirəsi və yeni yanaşmaların formalaşdırılması baxımından mühüm rol oynayacağına əminliyini ifadə edib. Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov çıxışı zamanı Mərkəzin əsas fəaliyyət istiqamətləri, kritik informasiya infrastrukturu kimi müəyyənləşdirilmiş sahələr, bu sahədə formalaşdırılan normativ-hüquqi mexanizmlər barədə ətraflı məlumat verib, “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2021-ci il tarixli Fərmanının əhəmiyyətinə toxunaraq qeyd edib ki, məhz bu sənəddən irəli gələrək ölkədə vahid və sistemli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılmasına başlanılıb. Kibertəhlükəsizliyin dövlət təhlükəsizliyinin əsas sütunlarından birinə çevrildiyini diqqətə çatdıran natiq konfransın mövzusunun müasir dövrdə olduqca aktual və strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb. Tədbirdə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev XXI əsrdə dövlətlərin suverenliyinin ən mühüm elementlərindən birinin məhz kibersuverenlik olduğunu deyib. Kibersuverenliyin təmin olunması istiqamətində yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasının zəruriliyindən danışan rektor, bu sahədə ali təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşdüyünü, rəqəmsal transformasiya proseslərinə töhfə verə bilən yeni nəsil mütəxəssislərin hazırlanmasının ölkənin kibertəhlükəsizliyi və texnoloji inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Tədbirdə həmçinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş idarə rəisinin müavini Tural Məmmədov, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov, eləcə də Azərbaycanda İnternetin İnkişafı Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz çıxış ediblər. Çıxışlarda dövlət informasiya sistemlərinin mühafizəsinin gücləndirilməsinin kibersuverenliyin əsas istiqamətlərindən biri olduğu, kiberməkanda yaranan risk və təhdidlərə qarşı mübarizənin dövlət qurumları, elmi mühit və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq tələb etdiyi vurğulanıb. Qeyd olunub ki, rəqəmsal transformasiya və süni intellektin sürətli inkişafı fonunda kibersuverenliyin qorunması milli təhlükəsizliyin dayaqlarından biri kimi xüsusi aktuallıq kəsb edir və bu sahədə ölkədə ardıcıl tədbirlər həyata keçirilir. Sonra akademik Rasim Əliquliyev tədbirdə çıxış edən alim və mütəxəssislərin, dövlət qurumları və vətəndaş cəmiyyəti nümayəndələrinin kibertəhlükəsizliyin təmin olunması ilə bağlı aktual çağırışları əks etdirən fikir və mülahizələrini yüksək qiymətləndirib və çıxışının sonunda tədbirin təşkilində göstərdiyi dəstəyə görə Elm və Təhsil Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəhbərliyinə, eləcə də vətəndaş cəmiyyəti sektorunun nümayəndələrinə dərin minnətdarlığını bildirib. Daha sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Texniki Univers ..

2026-03-10
AzTU

AzTU-da tullantıların təkrar emalı təşəbbüsü həyata keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) iqlim dəyişikliyi ilə mübarizə və karbon emissiyalarının azaldılması üçün tələbə və müəllim heyətinin iştirakı ilə tullantıların təkrar emalı təşəbbüsü həyata keçirilib. Kimya texnologiyası, təkrar emal və ekologiya kafedrası tərəfindən irəli sürülən təşəbbüs BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 13-cü istiqaməti (İqlim dəyişikliyinə qarşı mübarizə  - SDG13) çərçivəsində reallaşıb. Təşəbbüs çərçivəsində universitet ərazisində yaranan müxtəlif növ tullantıların ayrılması və təkrar emala yönləndirilməsi həyata keçirilib. Kağız, plastik və digər təkrar emala yararlı materialların toplanması karbon emissiyalarının azaldılması, təbii resurslardan səmərəli istifadə və ətraf mühitin çirklənməsinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu fəaliyyət tələbə və müəllim heyəti arasında iqlim dəyişikliyinin azaldılması, aşağı karbonlu inkişaf, tullantıların idarə olunması, dairəvi iqtisadiyyat prinsiplərinin təşviqi və dayanıqlı istehlak vərdişlərinin formalaşdırılması istiqamətində maarifləndirməyə töhfə verib. Təkrar emal prosesi istixana qazı emissiyalarının azaldılması, karbon izinin aşağı salınması və ekoloji məsuliyyətin artırılması baxımından SDG 13-ün həyata keçirilməsinə dəstək verir. Qeyd edək ki, bu kimi təşəbbüslər universitet daxilində ekoloji şüurun artırılmasına, iqlim dəyişiklikləri ilə bağlı qlobal çağırışlara diqqətin gücləndirilməsinə və tələbələrin dayanıqlı inkişaf prinsiplərinə uyğun fəaliyyət göstərməsinə mühüm töhfə verir.

Azərbaycan Texniki Universitetində (AzTU) iqlim dəyişikliyi ilə mübarizə və karbon emissiyalarının azaldılması üçün tələbə və müəllim heyətinin iştirakı ilə tullantıların t ..

2026-03-10
AzTU

AzTU tələbələri Böyükşor gölü ətrafında sahə tədqiqatı aparıb

Azərbaycan Texniki Universitetinin (AzTU) Kimya texnologiyası, təkrar emal və ekologiya kafedrasının müəllim və tələbələri Böyükşor gölü ətrafında həyata keçirilən su layihəsi çərçivəsində sahə tədqiqatında iştirak edib.   Səfər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 6-cı istiqaməti üzrə (Təmiz su və sanitariya - SDG 6) su ehtiyatlarının qorunması, suyun keyfiyyətinin monitorinqi və dayanıqlı su idarəçiliyi ilə bağlı praktiki biliklərin artırılmasına yönəlib. Tədqiqat zamanı tələbələr “Azərsu” ASC-nin həyata keçirdiyi və “Aqualing” şirkətinin icra etdiyi layihə sahəsindən su nümunələri götürüb. Nümunələr suyun keyfiyyətinin qiymətləndirilməsi, çirklənmə səviyyəsinin müəyyən edilməsi və su ehtiyatlarının ekoloji vəziyyətinin öyrənilməsi məqsədilə toplanıb. Sahə işi tələbələr üçün su resurslarının qorunması, çirkab suların idarə olunması, suyun təmizlənməsi texnologiyaları və ekoloji monitorinq kimi mühüm istiqamətlərdə praktiki təcrübə qazanmaq imkanı yaradıb. Bu fəaliyyətlər təhlükəsiz və əlçatan su resurslarının təmin edilməsi, suyun səmərəli istifadəsi və su ekosistemlərinin qorunması kimi SDG 6-nın əsas prinsipləri ilə birbaşa əlaqəlidir. Səfər zamanı layihənin icrasında iştirak edən şirkət nümayəndələri Böyükşor gölü ətrafında həyata keçirilən suyun idarə olunması, çirkab suların təmizlənməsi və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat veriblər.

Azərbaycan Texniki Universitetinin (AzTU) Kimya texnologiyası, təkrar emal və ekologiya kafedrasının müəllim və tələbələri Böyükşor gölü ətrafında həyata keçirilən su layihəsi ..

2026-03-10
AzTU

AzTU-da əcnəbi tələbələr üçün iftar mərasimi keçirilib

Müqəddəs Ramazan ayı münasibətilə Azərbaycan Texniki Universitetində (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə əcnəbi tələbələr üçün iftar süfrəsi açılıb. İftar mərasimi tələbələrə sosial dəstək çərçivəsində BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 10-cu istiqaməti üzrə (Bərabərsizliyin azaldılması – SDG10) universitetdə həyata keçirilən fəaliyyətlərə uyğun olaraq təşkil edilib.

Müqəddəs Ramazan ayı münasibətilə Azərbaycan Texniki Universitetində (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə əcnəbi tələbələr üçün iftar süfr ..

2026-03-10
AzTU

AzTU-da yağış sularının toplanması və təkrar istifadəsinə yönəlmiş fəaliyyət həyata keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Kimya texnologiyası, təkrar emal və ekologiya kafedrasının təşəbbüsü ilə yağış sularının toplanması və təkrar istifadəsinə yönəlmiş fəaliyyət həyata keçirilib. Təşəbbüs BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 13-cü istiqamətinə (İqlim fəaliyyəti - SDG 13)  uyğun olaraq iqlim dəyişikliklərinə qarşı mübarizə, resurslardan səmərəli istifadə və dayanıqlı su idarəçiliyinin təşviqinə yönəlib. Fəaliyyət çərçivəsində yağış sularının toplanması və səmərəli istifadəsi ilə bağlı maarifləndirmə aparılıb və bu resursun alternativ su mənbəyi kimi istifadəsinin əhəmiyyəti vurğulanıb. Yağış sularının toplanması su ehtiyatlarından daha səmərəli istifadə olunmasına, su sərfiyyatının azalmasına və iqlim dəyişikliklərinin təsirlərinə uyğunlaşmaya töhfə verir. Bu təşəbbüs tələbələr və müəllim heyəti arasında iqlim dəyişikliyinin azaldılması, karbon emissiyalarının aşağı salınması, dayanıqlı resurs idarəçiliyi və ekoloji məsuliyyət kimi məsələlərə diqqətin artırılmasına xidmət edib. Yağış sularının təkrar istifadəsi həmçinin şəhər mühitində su ehtiyatlarının qorunması, suyun səmərəli istifadəsi və iqlimə davamlı infrastrukturun təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, bu kimi təşəbbüslər tələbələrin iqlim dəyişikliyi, dayanıqlı inkişaf, su resurslarının qorunması və ekoloji idarəetmə sahəsində bilik və bacarıqlarının inkişafına, eləcə də SDG 13-ün məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir.

Azərbaycan Texniki Universitetində (AzTU) Kimya texnologiyası, təkrar emal və ekologiya kafedrasının təşəbbüsü ilə yağış sularının toplanması və təkrar istifadəsinə yönəlmiş ..

2026-03-09
AzTU

AzTU tələbələri təqaüd proqramının qalibi olub

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və metallurgiya fakültəsinin tələbələri Anabacı Əmiraslanova və Nurcan Abuzərova, eləcə də İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbəsi Elman Həmidov Alman Akademik Mübadilə Xidmətinin Almaniyanın Berlin Mədəniyyətlərarası Kommunikasiya İnstitutu, Göttingen Universiteti və Bremen Univeristetində təşkil olunacaq tələbələr üçün yay dil kurslarında iştirak üçün təqaüd qazanıb. Proqram çərçivəsində kurslarda iştirak tələbələrin alman dili biliklərini gücləndirəcək və onlara yeni akademik əlaqələr qurmağa fürsət yaradacaq. Tələbələrlə görüşən AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov, Xarici dillər kafedrasının müdiri professor Səbinə Alməmmədova, Alman Mühəndislik Məktəbinin rəhbəri Ərəstun Məmmədov, Alman Mühəndislik Məktəbinin alman dili müəllimi Klaudio Kasperl və Maşınqayırma və metallurgiya fakültəsinin dekan müavini Anar Hacıyev onlara uğurlar arzulayıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və metallurgiya fakültəsinin tələbələri Anabacı Əmiraslanova və Nurcan Abuzərova, eləcə də İnformasiya texnologiyaları və te ..

2026-03-06
AzTU

AzTU-da “Startap Günləri” müsabiqəsinin növbəti mərhələsinə keçmiş komandalarla görüş keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzinin təşkil etdiyi “Startap Günləri” müsabiqəsinin qalib və növbəti mərhələyə keçmiş komandaları ilə görüş keçirilib. Görüş müsabiqənin artıq başa çatmış mərhələlərinin nəticələrinin qiymətləndirilməsi və startap komandalarının növbəti inkişaf mərhələsinə hazırlanması məqsədilə təşkil olunub. Tədbir çərçivəsində komandaların mövcud vəziyyəti, layihələrin inkişaf səviyyəsi və gələcək potensialı müzakirə edilib. Sessiya həm məlumatlandırıcı, həm də təlim formatında təşkil olunaraq startap komandalarının praktiki inkişafına yönəlib. Görüş zamanı komandaların layihələrinin hazırkı vəziyyəti və inkişaf mərhələsi qiymətləndirilib, layihələrin təkmilləşdirilməsi üçün konkret və tətbiq oluna bilən tövsiyələr təqdim olunub. Tədbir çərçivəsində mentor Fərid Kazımov tərəfindən startapların inkişaf mərhələləri, layihələrin düzgün planlaşdırılması, komanda idarəetməsi və layihələrin bazara çıxarılması istiqamətində iştirakçılara ətraflı məlumat verilib. Görüş nəticəsində komandalar öz layihələrinin növbəti mərhələyə keçidi fəaliyyətləri müəyyənləşdiriblər.

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzinin təşkil etdiyi “Startap Günləri” müsabiqəsinin qalib və növbəti mərhələyə keçmiş komandaları ilə görüş keçir ..

2026-03-06
AzTU

AzTU rektoru 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə universitetdə rəhbər vəzifədə çalışan xanımlarla görüşüb

Azərbaycan Texniki Universitetinin rektoru (AzTU) Vilayət Vəliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə universitetdə rəhbər vəzifədə çalışan xanımlarla görüşüb. AzTU Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən görüşdə rektor xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edib. Rektor qadınların cəmiyyətin, o cümlədən universitetin həyatında fəal iştirakını, elmin müxtəlif sahələrinə verdikləri töhfəni xüsusi qeyd edib. Gənc nəslin vətənpərvər ruhda böyüməsində qadınların müstəsna rolunu vurğulayan Vilayət Vəliyev xanımların bu cür misilsiz xidmətlərinin bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.    

Azərbaycan Texniki Universitetinin rektoru (AzTU) Vilayət Vəliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə universitetdə rəhbər vəzifədə çalışan xanımlarla görüşüb. ..

2026-03-06
AzTU

AzTU komandaları Özbəkistanda beynəlxalq yarışlarda iştirak edəcək

Azərbaycan Texniki Universitetinin (AzTU) komandaları Özbəkistanın Mərkəzi Asiya Universitetinin təşkil etdiyi “Global Tech Hackathon 2026” çərçivəsində keçiriləcək beynəlxalq yarışlarda iştirak edəcək.   “Hackathon“ proqramının əsas istiqamətlərindən biri olan “AI in Healthcare Hackathon 2026” üzrə yarışda AzTU-nun iki startap komandası – “AZ2” və “MedX” təmsil olunacaq. Qeyd edək ki, yarəşların beynəlxalq mərhələsindən əvvəl komandaların layihələri AzTU-da daxili qiymətləndirmədən keçirilib. AzTU İnkubasiya Mərkəzində təşkil olunan təqdimat sessiyasında “AZ2” və “MedX” komandaları hazırladıqları texnoloji həlləri, layihələrinin innovativ tərəflərini və tətbiq potensialını təqdim ediblər. Qiymətləndirmə zamanı layihələrin aktuallığı, texniki əsaslandırılması, real problemlərin həllinə yönəlməsi və beynəlxalq platformada rəqabət qabiliyyəti əsas meyar kimi nəzərə alınıb. Təqdim olunan rəy və tövsiyələr əsasında komandalar layihələrini daha da təkmilləşdirərək Daşkənd şəhərində keçiriləcək beynəlxalq mərhələyə hazırlaşırlar. Bununla yanaşı, yarışma çərçivəsində keçiriləcək “International Cybersecurity Capture the Flag (CTF) 2026” istiqaməti üzrə də AzTU komandalarının iştirakı nəzərdə tutulur və bununla bağlı hazırlıq prosesi davam edir.

Azərbaycan Texniki Universitetinin (AzTU) komandaları Özbəkistanın Mərkəzi Asiya Universitetinin təşkil etdiyi “Global Tech Hackathon 2026” çərçivəsində keçiriləcək beynəlxalq ya ..

2026-03-06