Vilayət Məmməd oğlu Vəliyev 1960-cı il martın 28-də anadan olub.
1978-ci ildə Sumqayıt şəhəri 49 saylı texniki-peşə məktəbini bitirib.
1978-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsini bitirib.
1983-2003-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunda (DNQYPİ) böyük laborant kimi işə başlayaraq mühəndis, böyük mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, sektor müdiri və şöbə müdiri vəzifələrində çalışıb.
2003-cü ildən AMEA-nın DNQYPİ ilə Geologiya İnstitutu birləşdikdən sonra 2011-ci ilədək (2009-cu ildən sonra əvəzçiliklə) AMEA-nın Geologiya İnstitutunda Neft-Qaz Problemlərinin İqtisadi Tədqiqi şöbəsinin müdiri işləyib.
1985-1989-cu illərdə DNQYPİ-nin aspiranturasında təhsil alıb və 1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək 05.15.06 - “Neft-qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə texnika elmləri namizədi elmi dərəcəsi alıb.
1992-ci və 1994-cü illərdə Amerika Birləşmiş Ştatlarında müvafiq olaraq UNOCAL və PENNZOIL şirkətlərinin elmi mərkəzlərində birgə tədqiqatlar aparıb.
1994-cü ildən ABŞ-nin Beynəlxalq Enerji İqtisadçıları Assosiasiyasının (IAEE) üzvüdür, 2017-ci ildə İdarə Heyətinin üzvü, 2018-ci ildə regional məsələlər üzrə vitse-prezidenti seçilib.
1995-1999-cu illərdə DNQYPİ-nin doktoranturasında əyani təhsil alıb.
1999-cu ildə ABŞ-nin Oklahoma Universitetində (Oklahoma ştatı, Norman şəhəri) “Tək məhsul ixracından asılı keçid iqtisadiyyatları” mövzusunda təhsil alıb və birgə tədqiqatlar aparıb.
2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsində (fərqlənmə ilə) ikinci ali təhsil alıb.
2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) dissertasiya işini müdafiə edərək 08.00.13 - “İqtisadiyyatın riyazi və instrumental üsulları” ixtisası üzrə iqtisad elmləri doktoru elmi dərəcəsi alıb.
2013-cü ildə 5302.01 - “Ekonometriya, iqtisadi statistika” ixtisası (əvvəlki 08.00.13 - “İqtisadiyyatın riyazi və instrumental üsulları”) üzrə professor elmi adını alıb.
2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
2001-2015-ci illərdə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən N.02.016 (sonradan FD.02.016) Dissertasiya Şurasının üzvü və şuranın 08.00.13 - “İqtisadiyyatın riyazi və instrumental üsulları” ixtisası üzrə Seminarın sədri kimi fəaliyyət göstərib.
2009-2019-cu illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb.
90-cı illərin əvvəllərindən başlayaraq indiyədək ARDNŞ, BP, UNOCAL, PENNZOIL və digər beynəlxalq neft şirkətlərinin regionda neft-qaz ehtiyatlarının axtarış-kəşfiyyatı, işlənilməsi, istifadəsi və nəqlinin müxtəlif məsələləri, o cümlədən texniki-iqtisadi və kommersiya qiymətləndirmələri, perspektiv inkişaf planları və proqnozları, informasiya bazalarının yaradılması və qərarların qəbulu mexanizm və modellərinin işlənilməsi üzrə çoxsaylı tədqiqat işləri və xidmət layihələri yerinə yetirir.
2000-ci ilin əvvəllərindən etibarən Dünya Bankı (DB, ing. World Bank), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB, ing. European Bank for Reconstruction and Development, EBRD), Asiya İnkişaf Bankı (AİB, ing. Asian Development Bank), ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (abbr. USAİD), Avropa Birliyi (ing. European Union), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (ing. GIZ), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT, ing. Economic Cooperation Organization) və digər beynəlxalq maliyyə institutları, iqtisadi və regional təşkilatların dəstəyi ilə həyata keçirilən enerji və sosial-iqtisadi inkişaf problemlərinin həlli istiqamətində yerli və beynəlxalq layihələrin rəhbəri və məsul icraçısı qismində iştirak edərək enerji siyasəti və tənzimlənməsi, sosial-iqtisadi inkişafın modelləşdirilməsi, strateji planlaşdırılması və proqnozlaşdırılması, eləcə də universitet-sənaye işbirliyinin qurulması və innovativ inkişafın digər məsələləri üzrə onlarla layihə yerinə yetirir.
2012-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasında yarımştat professor vəzifəsində çalışır.
Vilayət Vəliyev 112 elmi əsərin, o cümlədən 40-dan çox xaricdə çap olunmuş əsərin, həmçinin 1 monoqrafiya və 1 dərsliyin müəllifidir.
Onun elmi rəhbərliyi ilə 12 elmlər namizədi (fəlsəfə doktoru) hazırlanmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) İqtisad elmləri üzrə ekspert şurasının sədri, AMEA-nın Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının üzvü, İqtisadi Əməkdaşlıq Təşkilatının “İqtisadiyyat” jurnalının baş redaktoru, “Azərbaycan Neft Təsərrüfatı” (Azərbaycan), “İqtisadiyyat və sosiologiya” (Moldova), “İnformasiya cəmiyyəti problemləri” (Azərbaycan), “İqtisadiyyat və idarəetmə” (Rusiya) jurnallarının redaksiya heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 31 iyul 2019-cu il tarixində Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 29 iyul 2024-cü ildə yenidən həmin universitetinin rektoru təyin edilib.
Rus və ingilis dillərini bilir.
Ailəlidir, iki övladı var.