Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Prorektorlar

Tədris işləri üzrə prorektor - texnika elmləri doktoru,
professor Nurəli Adil oğlu Yusifbəyli

E-poçt: yusifbayli.n@aztu.edu.az 

Nurəli Adil oğlu Yusifbəyli 28 mart 1963-cü ildə Azərbaycan Respublikasında anadan olub. 1980-cı ildə Kiyev Politexnik İnstitutunun (indiki Kiyev Texniki Akademiyası) Elektroenergetika fakültəsinin əyani şöbəsinə daxil olub, 1986-cı ildə həmin institutu elektrik sistemlərinin kibernetikası ixtisası üzrə bitirib.

1986–1989-cu illərdə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində elektrik montyoru, elektrik sexinin və elektrik stansiyanın növbə rəisi, 1989–1993-cü illərdə “Azərenerji” Dövlət Şirkətində dispetçer, böyük dispetçer vəzifələrində çalışıb. 1993–2001-ci illərdə “Azərenerji” ASC Mərkəzi Dispetçer Xidmətinin rəisi, baş dispetçer, baş mühəndisin müavini, 2001–2002-ci illərdə “Azərenerji” ASC-də “Enerjinin ötürülməsi” İstehsalat Birliyinin baş direktorunun müavini vəzifələrində çalışıb. 2002–2009-cu illərdə “Azərenerji” ASC Mərkəzi Dispetçer İdarəsinin rəisi, 2009–2012-ci illərdə “Azərenerji” ASC -nin Azərbaycan Elmi–Tədqiqat və Layihə Axtarış Energetika İnstitutunun direktoru vəzifələrini icra edib. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın “05.14.02 – Elektrik stansiyaları və elektroenergetika sistemləri” ixtisası üzrə İxtisaslaşdırılmış Dissertasiya şurasının sədri olub.

2012-ci ildən Azərbaycan Respublikası İqtisadiyat və Sənaye Nazirliyinin baş məsləhətçisi, nazirin müşaviri, 2014-cü ildən Azərbaycan Respublikası İqtisadiyat və Sənaye Nazirliyinin Strateji Planlaşdırma şöbəsinin müdiri vəzifələrində çalışıb.

2015-ci il 13 mart tarixindən Azərbaycan Respublikası Prezidentinin 11101 nömrəli Sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsinə təyin edilib.

MDB üzv ölkələri Elektroenergetika Şurası Prezidentinin 20 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə MDB-nin Əməkdar energetiki fəxri adına layiq görülüb.

Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 19 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar mühəndisi fəxri adına layiq görülüb.

Azərbaycanın elektroenergetika sisteminin fəaliyyətinin və inkişafının elmi və layihə məsələlərinin tətbiqinin təkmilləşdirilməsində fəaliyyətinə görə 2011-ci ildə “Qızıl Buta” mükafatına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2014-cü il Sərəncamı ilə Əməkdar elm xadimi fəxri adına layiq görülüb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan nümayəndəliyi ilə birgə təşkil olunan innovasiya müsabiqəsində II yerə layiq görülüb. FAO-nun qiymətləndirməsinə əsasən I yerə layiq görülüb.

1990-1994-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunun aspiranturasını bitirib. 1997-ci ildə “Mürəkkəb EES-də TAT qurğusunun qoyuluş qiymətlərinin tənzimlənməsi” mövzusunda namizədlik, 2004-cü ildə isə “Dispetçer İdarəçiliyinin yeni şəraitdə fəaliyyətinin nəzəri-metodik əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Nurəli Yusifbəyli texnika elmləri doktoru, professordur.

8 kitab, 4 müəlliflik şəhadətnaməsi, 1 dərs vəsaiti, 3 patent, 3 Azərbaycan Standartı və 170-dan çox elmi əsərin müəllifidir. "ELECTRO-energetics-tecnnics-mechanics+control" Beynəlxalq Elmi-İstesalat jurnalının Baş redaktorudur.

Azərbaycan Respublikası Prezidenti yanında AAK-da qeydiyyat nömrəsi ED 2.04 olan Dissertasiya şurasının sədridir.

Beynəlxalq "IEEE" (Institute of Electrical and Electronics Engineers) Cəmiyyətinin, "Проблемы энергетики" və "Applied Mathematics" jurnallarının redaksiya heyətinin və bir sıra elmi tədqiqat institutları elmi şuralarının üzvüdür.

1998-ci ildən pedoqoji fəaliyyətlə məşğuldur. AzTU-da İdarəetmə və avtomatika və ADNSU-da Elektroenergetika kafedrasının professoru və İstilik energetikası kafedrasının müdiri vəzifəsində calışıb.

Təhsil nazirinin əmri ilə 2021-ci ilin yanvar ayında AzTU-nun tədris işləri üzrə prorektoru təyin olunub.


Elm və innovasiyalar üzrə prorektor - texnika elmləri doktoru,
professor Sübhan Nadir oğlu Namazov

E-poçt: subhan.namazov@aztu.edu.az

Sübhan Nadir oğlu Namazov 1971-ci il martın 24-də anadan olub.

1989-cu ildə Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olub, 1994-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib.

1993-cü ildə Beynəlxalq İSESKO təqaüdünə layiq görülüb.

1994-1997-ci illərdə AzTU-da doktorantura təhsili alıb.

1997-ci ildə vaxtından əvvəl müdafiə edərək, materialşünaslıq (maşınqayırma üzrə) ixtisası üzrə texnika elmləri namizədi elmi dərəcəsi alıb.

2002-ci ildə dosent elmi adını alıb.

2007-ci ildə materialşünaslıq (maşınqayırma üzrə) ixtisası üzrə texnika elmləri doktoru elmi dərəcəsi alıb.

2010-cu ildə professor elmi adını alıb.

Əmək fəaliyyətinə 1994-cü ildə AzTU-da Konstruksiya və kompozisiya materiallarının texnologiyası kafedrasında tədqiqatçı-mühəndis kimi başlayıb.

2000-2001- illərdə Metallurgiya fakültəsində elmi işlər üzrə dekan müavini vəzifəsində çalışıb.

2001-2002-ci illərdə DAAD təqaüdçüsü olaraq doktorluq dissertasiyasının yerinə yetirilməsi məqsədilə Almaniyanın Aaxen Texniki Universitetində Metallurgiya və Materialşünasıq İnstitutlarında qonaq tədqiqatçı kimi çalışıb.

2003-2011-ci illərdə Tədris hissəsinin müdiri vəzifəsində işləyib.

2011-2019-cu illərdə Metallurgiya və metalşünaslıq kafedrasının müdiri vəzifəsində çalışıb.

220-dək elmi işin, o cümlədən, 1 monoqrafiya, 3 patent, 5 dərsliyin müəllifidir.

Onun elmi rəhbərliyi ilə 6 nəfər texnika üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi alıb.

Elmi əsərləri Almaniya, Rusiya, İspaniya, İsveçrə, Ukrayna, Slovakiya, Yuqoslaviya, Türkiyə, Litva və s. ölkələrdə ingilis, alman, rus, və ispan dillərində nəşr edilib.

2011- ildə “Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif olunub.

2008-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanınıda Ali Attestasiya Komissiyasında Texnika üzrə Ekspert şurasının üzvü olub.

2011-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanınıda Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada müstəqil ekspert kimi fəaliyyət göstərib.

2012-ci ildən AzTU-da yerinə yetirilən beynəlxalq layihələrdə iştirakçı, 2018-ci ildən “Erasmus+” KA2 layihələrinin AzTU üzrə koordinatordur.

2018-2019, 2020-2021-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant layihəsinin layihə rəhbəri olub.

2016-2018-cı illlərdə AzTU-da fəaliyyət göstərən D.02.171 doktorluq Dissrtasiya şurasının üzvü olub.

Prezident İlham Əliyevin 2020-ci il 31 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülüb.

2018-2022-ci illərdə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb.

Rus, alman və ingilis dillərini bilir.

1999-cu ildən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.

Təhsil nazirinin əmri ilə 2022-ci ilin may ayında AzTU-nun elm və innovasiya üzrə prorektoru təyin olunub.


Beynəlxalq əlaqələr üzrə prorektor - iqtisad üzrə fəlsəfə doktoru Fariz Orucalı oğlu Məmmədov

E-poçt: fariz.mammadov@aztu.edu.az 

Fariz Orucalı oğlu Məmmədov 1981-ci il fevralı 4-də Sumqayıt şəhərində anadan olub.

1988-1998-ci illərdə Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində orta təhsil alıb.

Orta təhsilini bitirdikdən sonra 1998-1999-cu illərdə ABŞ Dövlət Departamentinin Təhsil və Mədəni Məsələlər üzrə Bürosu tərəfindən maliyyələşdirilən “FLEX” (Gələcək Liderlərin Mübadiləsi) tələbə mübadiləsi proqramı çərçivəsində ABŞ-da təhsil alıb.

1999-2003-cü illərdə Bakı Dövlət Universitetində politologiya ixtisası üzrə bakalavriat, 2003-2005-ci illərdə magistratura səviyyəsini bitirib.

2013-2015-ci illərdə ADA Universiteti (Azərbaycan) və Maastrixt Menecment Universitetinin (Hollandiya) birgə “Ekzekyutiv MBA” proqramı çərçivəsində beynəlxalq biznes istiqamətində MBA proqramı üzrə magistratura təhsili alıb.

2016-2020-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda “5302.01 – Ekonometriya; iqtisadi statistika” ixtisası üzrə dissertantura təhsili alıb. 2022-ci ildə ekonometriya ixtisaslaşması üzrə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru olub.

2007-2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun Neft-qaz problemlərinin iqtisadi tədqiqi şöbəsində böyük laborant vəzifəsində çalışıb.

2009-2015-ci illərdə “Azərenerji” ASC-də İnvestisiyalar və Strateji İnkişaf İdarəsinin Layihələrin təhlili və qiymətləndirilməsi şöbəsində aparıcı mühəndis, şöbə rəisi, daha sonra idarə rəisinin müavini vəzifələrində işləyib.

2015-2021-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun İnnovasiyanın inkişafı şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışıb.

2017-ci ilin iyulundan 2020-ci ilin aprelinədək Asiya İnkişaf Bankının Azərbaycan Missiyasının ofisində “Paylayıcı Elektrik Şəbəkələrinin Yenidənqurulması üzrə İnvestisiya Proqramı: Tranş 1” layihəsinin icrası çərçivəsində məsləhətçi vəzifəsini icra edib.

2020-ci ilin may ayında Azərbaycan Texniki Universitetinin (AzTU) rektorunun müşaviri vəzifəsinə təyin olunub.

Elm və təhsil nazirinin əmri ilə 2022-ci ilin sentyabr ayında AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.


Maliyyə-təsərrüfat işləri üzrə prorektor - iqtisad üzrə fəlsəfə doktoru Rəşad Yavər oğlu Əliyev

E-poçt: rashad.aliyev@aztu.edu.az 

Rəşad Yavər oğlu Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub.

1997-2003-cü illərdə Türkiyə Respublikasının İstanbul Universitetində inzibati idarəetmə ixtisası üzrə bakalavriat səviyyəsini bitirib. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) menecment ixtisası üzrə (MBA proqramı) magistratura səviyyəsini bitirib. 2017-ci ildə isə ekonometriya ixtisası üzrə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2005-2006-ci illərdə “Azərbaycan Ticarət və Dağıtım” MMC, “Azərsun Holdinq” və “Sun Qrup Menecment” MMC-də dizayner, marketinq mütəxəssisi, məhsul müdiri vəzifələridə çalışıb.

2006–2009-cu illərdə “Azərbaycan Sənaye Bankı” ASC-də bank proqramı üzrə mütəxəssis, informasiya texnologiyaları üzrə baş mütəxəssis, İnformasiya texnologiyaları departamentinin direktor müavini, İnformasiya texnologiyaları şöbəsinin müdiri vəzifələrində işləyib.

2009-2012-ci illərdə “Royal Bank” ASC-nin İT departamentinin direktor müavini, direktoru vəzifələrində çalışıb.

2014-2016-ci illərdə “Zirvə İdman Kompleksi” MMC-də (AAAF Park Yaşayış Kompleksi) direktor müavini, 2018-2020 “AAAF Holdinq”in İdarə Heyətinin sədri vəzifələrini icra edib.

10 il müddətində MilliNet internet mükafatının təşkilat komitəsinin üzvü olub, həmçinin “Startup Azerbaijan”da mentorluq fəaliyyəti ilə məşğul olub.

2021-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) “HÜB 1887 İnkubasiya və Akselerasiya Mərkəzi”nin müdiri vəzifəsində çalışıb.

Təhsil nazirinin əmri ilə 2021-ci ilin avqust ayında AzTU-nun rəqəmsallaşma və layihələr üzrə prorektoru vəzifəsinə təyin olunub. Elm və təhsil nazirinin əmri ilə 2023-cü ilin fevral ayında AzTU-nun maliyyə-təsərrüfat işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.


Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor- texnika üzrə fəlsəfə doktoru,  dosent Nərmin Eldar qızı Rzayeva

E-poçt: narmin.rzayeva@aztu.edu.az 

Nərmin Eldar qızı Rzayeva 1990-cı il iyunun 24-də Bakıda anadan olub. 1997-2008-ci illərdə Bakıda Texniki-Humanitar Liseydə təhsil alıb.

2008-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tətbiqi riyaziyyat ixtisasına qəbul olunub. 2012-ci ildə həmin fakültəni fərqlənmə ilə bitirib.

2012-2014-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində magistratura səviyyəsində Mexanika və informasiya texnologiyaları fakültəsinin informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasını fərqlənmə ilə bitirib.

Əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda laborant kimi başlayıb. Daha sonra həmin institutda baş laborant, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb.

2013-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya texnologiyaları və sistemləri kafedrasında böyük laborant, müəllim və baş müəllim vəzifələrində çalışıb. 2018-ci ildə kompüter elmləri ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2019-cu ildə dosent elmi adını alıb və həmin ildən İnformasiya texnologiyaları və sistemləri kafedrasının dosenti vəzifəsində çalışır. 

2017-2022-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi-tədqiqat, daha sonra isə Strateji planlaşdırma şöbələrinin müdiri vəzifəsində çalışıb. 

2019-2021-ci illərdə “PPA Architects” adlı Avstriya şirkətinin regional meneceri vəzifəsində çalışıb, bir sıra böyük miqyaslı layihələrin layihə meneceri olub.

2020-ci ildən Niderlandın Leiden Universitetinin nəzdində Elm və Texnologiya Araşdırmaları Mərkəzində (CWTS) "Elmin ölçülməsi" (Scientometrics) ixtisası üzrə ikinci PhD dissertasiyası üzərində çalışır. Elmi işinin çərçivəsində elmi kommunikasiya sistemində trendlər, elmi nəşrin yeni formaları və bu sahədə dünya təcrübələrinin ölkəmizə uyğunlaşdırılması istiqamətində araşdırmalar aparır.

70-dən çox elmi əsərin, o cümlədən 20-ə yaxın yüksək impakt faktorlu jurnalda məqalənin, Almaniyada dərc olunmuş iki monoqrafiyanın və dörd Avrasiya patentinin müəllifidir.

Elmi məqalələri Niderland, Almaniya, Birləşmiş Krallıq, Yunanıstan, Polşa, Türkiyə, Ukrayna və digər ölkələrin müvafiq sahə üzrə aparıcı jurnallarında nəşr olunub.

“Elmi fəaliyyətdə fərqləndiyinə görə” Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanına layiq görülüb.

Bir sıra nüfuzlu beynəlxalq konfransların təşkilat komitələrinə rəhbərlik edib.

İngilis, rus və türk dillərinə sərbəst danışır. Müxtəlif beynəlxalq layihələrin, konsorsiumların və mübadilə proqramlarının fəal iştirakçısı olaraq Niderland, Avstriya, Almaniya, Birləşmiş Krallıq, Polşa və digər ölkələrə ezam olunub, beynəlxalq təcrübələri öyrənib.

2019-cu ildən Yeni Azərbaycan Partiyasınıbn (YAP) üzvüdür.

Elm və təhsil nazirinin əmri ilə 2022-ci ilin dekabr ayında AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.