Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Universitetin tarixi

Azərbaycanda texniki təhsilin əsası ilk dəfə 1887-ci ilin noyabr ayının 10-da Bakı şəhər Duması tərəfindən Bakıda 4 sinifli texniki məktəbin yaradılması ilə qoyulub. Burada dülgərlik, xarratlıq, dəmirçilik və çilingərlik emalatxanaları fəalliyyət göstərirdi. Plana görə məktəbdə gündə ümumi fənləri öyrənmək üçün 3, ixtisasları mənimsəmək üçün isə 7 saat vaxt ayrılmışdı. 1900-cü ildə burada 124 nəfər təhsil alırdı. 1905-ci ilə qədər bu məktəbin mexanika şöbəsi üzrə 50, inşaat şöbəsi üzrə 55 nəfər buraxılışı olub.

1905-ci ilin yanvarında bu məktəb Mexanika-inşaat orta texniki məktəbi kimi fəalliyyət göstərməyə başlamışdı. 1910-cu ildə buradakı Mexanika şöbəsində neftmexanika və elektromexanika istiqamətləri üzrə mütəxəsislər hazırlayırdılar. Məktəbin tərkibində çilingər-torna, zərblə naxış vurma və heykəltəraş-daşyonma tədris emalatxanaları var idi. 1916-cı ildə orta texniki məktəbdə artıq 494 tələbə təhsil  alırdı. Onlardan cəmi 20 nəfəri azərbaycanlı idi.

1918-ci ilin ortalarında Azərbaycan Demokratik Respublikasının qərarına əsasən, Mexanika-inşaat orta texniki məktəbi Politexnikum adlandırılıb. 188 nəfər tələbəsi olan təhsil ocağında Neft sənayesi, Elektromexanika və Memarlıq-inşaat şöbələri fəaliyyət göstərib. O zaman Azərbaycanda cəmi 62 nəfər ali təhsillidən 12-si mühəndis olub.  

14 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun dekreti ilə tərkibində Neft sənayesi, Elektromexanika və Memarlıq-inşaat şöbələri olan Bakı Politexnikumunun bazasında ali texniki mütəxəs­sislər hazırlayan Bakı Politexnik İnstitutu yaradılıb. Bu institutun tərkibində Neft sənayesi, Elektromexanika, İnşaat-mühəndis, Kənd təsərrüfatı və İqtisadiy­yat fakültələri fəaliyyət göstərib.  

1923-cü ildən Bakı Politexnik İnstitutu Azərbaycan Politexnik İnstitutu adlandırılıb.

1930-cu ildə Azərbaycan Politexnik İnstitutu “İttifaq Neft”ə tabe olduğundan Azərbaycan Neft  İnstitutu adlandırılıb. Azərbaycan Politexnik İnstitutunun tərkibində olan Kənd təsərrüfatı” və İnşaat-mühəndis fakültələrinin bazasında 1929-cu ildə Gəncə şəhərində Kənd təssərufatı, 1932-ci ildə isə Bakı şəhərində İnşaat institutları yaradılıb.

1934-cü ilin yanvar ayında Azərbaycan Neft İnstitutu ilə İnşaat İnstitutu birləşdirilərək Azərbaycan Sənaye İnstitutu adlandırılıb. Azərbaycan Sənaye İnstitutunun tərkibində Memarlıq-inşaat, Neft-mexanika, Energetika, Neft-mədən, Dəmir yolu və Mühəndis-iqtisadiyyat fakültələri olub.

Azərbaycan Sənaye İnstitutunda əsasən neft sahəsi üçün mühəndis kadrların hazırlanması, İkinci Dünya Müharibəsindən sonra xalq təsərrüfatının bütün sahələrinin bərpası, inkişafı, yeni sənaye müəssisələrinin açılmasının vacibliyi, müxtəlif sahələr üzrə mühəndis kadrlarının hazırlanmasına olan ehtiyac və Azərbaycanda müəyyən intellektual texniki potensialın olması Azərbaycan Politexnik İnstitutunun bərpa olunmasına imkan verdi.

Azərbaycan Respublikasının texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan indiki Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ilin noyabrında Bakı şəhərində tərkibində Mexanika, İnşaat,  Dəmir yolu və Hidromelio­rasiya  fakültələri olmaqla Azərbaycan Politexnik İnstitutu (AzPİ) adı altında yenidən yaradılıb.

1950-1955-ci illərdə institutun fakültələri müxtəlif ünvanlarda yerləşən binalarda fəaliyyət göstərib. 1955-ci ildən bütün fakültələri əhatə etməklə institut indiki binaya  köçürülüb. Qərb və şərq memarlığının ən gözəl üslublarını özündə birləşdirən bu yaraşıqlı binada tələbələrin dərin biliklərə yiyələnməsi üçün hər bir şərait yaradılıb.

AzTU-nun esas binasi

1975-ci ildə AzPİ-nin bazası əsasında Azərbaycanda iki yeni ali texniki məktəb- indiki Azərbaycan İnşaat və Memarlıq Universiteti və Gəncə Texnologiya İnstitutu yaradılıb.

1978-ci ildən başlayaraq AzPİ-də SSRİ-nin müxtəlif respublikaları, həmçinin bir sıra Asiya, Afrika və Latın Amerikası ölkələri üçün kütləvi mütəxəssis hazırlığına başlanıb. Universitetdə indiyə kimi 12 mindən artıq əcnəbi tələbə təhsil alıb. Müxtəlif dövrlərdə universitetdə 40-dan artıq xarici ölkənin vətəndaşları təhsil alıb və hazırda təhsil almaqda davam edirlər.

1983-cü ildə universitet tədris-metodiki və elmi-texniki sahələrdə qazandığı nailiyyətlərə görə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin keçici bayrağını və birinci dərəcəli pul mükafatını alıb.

1991-ci ildən institut indiki Azərbaycan Texniki Universiteti adını daşıyır. Hazırda universitetdə maşınqayırma, metallurgiya, informatika və kompüter texnologiyaları, elektrotexnika, telekommunikasiya, nəqliyyat, iqtisadiyyat və digər sahələri əhatə edən 36 ixtisas üzrə bakalavr və 100-dən çox ixtisaslaşma üzrə magistr hazırlanır.

Universitetdə Nəqliyyat və logistika, Energetika və avtomatika, Metallurgiya və materialşünaslıq, Maşınqayırma və robototexnika, İnformasiya və telekommuni­kasiya texnologiyaları, İqtisadiyyat və idarəetmə, Xüsusi texnika və texnologiya fakültələri fəaliyyət göstərir.

Universitetin elmi nailiyyətləri “Elmi əsərlər” və “Maşınşünaslıq” adlı elmi-texniki jurnallarda çap olunur. 500 mindən artıq kitab fondu olan universitet kitabxanası və oxu zalları, eləcə də 400-dən artıq fərdi kompüteri olan 20-dək tədris və multimedia zalları, ixtisaslaşdırılmış laboratoriyalar tələbələrə və əməkdaşlara xidmət edir.

Universitet BMT, YUNESKO, TRASEKA və digər beynəlxalq təşkilatların müvafiq strukturları, bir çox xarici ölkələrin tanınmış universitetləri ilə sıx əməkdaşlıq edir. Universitetin müasir avadanlıqlarla təchiz edilmiş auditoriya və laboratoriyalarında Bolonya prosesi ilə təsbit edilən kredit sisteminə uyğun tədris planları əsasında müasir elmin və texnikanın problemlərini həll edə biləcək 9000-dən çox tələbə bakalavriat, 2000-dən çox tələbə magistratura səviyyəsində təhsil alır. Universitet ölkəmizin iqtisadi məsələlərinin həllində və ictimai həyatında da fəal iştirak edir.

1981-ci ildə ulu öndər Heydər Əliyev Azərbaycan Politexnik İnstitutunda olub, tələbə və professor-müəlim heyəti ilə görüşüb.

AzTU indiyə kimi müxtəlif ixtisaslar üzrə 120 000-dən çox mühəndis (bakalavr, magistr) hazırlayıb.

AzTU-nun tələbə və məzunları torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan bütün müharibələrdə ön sıralarda döyüşüb. Onlardan 58 nəfər şəhidlik zirvəsinə yüksəlib. AzTU-nun 10 məzunu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

AzTU-nun məzunları dünyanın bir çox ölkələrində sənayenin müxtəlif sahələrinin inkişaf etdirilməsində böyük xidmətlər göstərirlər. Onlar zavodlara, nazirliklərə, nəhəng sənaye komplekslərinə, dövlət komitələrinə, iri müəssisələrə uğurla rəhbərlik edirlər. Universitetimizin məzunu 1982-1988-ci illərdə Azərbaycan Respublikasına başçılıq edib, 2 məzunu ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikasının Baş Naziri, 5 məzunu Baş nazirin I müavini vəzifəsində çalışıblar.