Noyabrın 23-də Azərbaycan Texniki Universitetində “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti və inkişafı perspektivləri” mövzusunda Beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Universitetin foyesindəki büstü önünə güllər düzüb, xatirəsini ehtiramla yad ediblər. Daha sonra konfransın plenar iclası Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb.
Plenar iclası giriş sözü ilə açan AzTU-nun rektor əvəzi Xalıq Yahudov ölkəmizdə İKT-nin mövcud vəziyyətindən və ulu öndər Heydər Əliyevin bu sahəyə diqqətindən danışıb.Xalıq Yahudov vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə İKT-nin inkişafı istiqamətində sərəncamlar imzalanıb, dövlət proqramları qəbul edilib. Azərbaycan Texniki Universitetinin İKT sahəsindəki fəaliyyətindən söz açan rektor əvəzi qeyd edib ki, bu sahədə peşəkar kadrların yetişdirilməsində aparıcı rol oynayan Universitet İKT istiqamətində yeni dünya trendlərinə cavab verən innovativ texnologiyaların öyrənilməsini prioritet vəzifə kimi qarşıya qoyub.
Daha sonra Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədovun “Azərbaycanda İKT infrastrukturunun inkişaf meylləri” mövzusunda məruzəsi dinlənilib.
Təhsil Nazirliyinin Təhsilin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, Nazirlər Kabinetinin şöbə müdiri Elxan Bağırzadə,Türkiyənin MilSOFT şirkətinin təmsilçisi Tolqa Çelik, AzTU-nun Çoxkanallı telekommunikasiya sistemləri kafedrasının müdiri Mehman Həsənov və digər çıxış edən natiqlər AzTU-nun İKT sahəsinə verdiyi töhfələrdən danışaraq konfrans iştirakçılarına uğurlar arzulayıblar.
Qeyd edək ki, noyabrın 25-ə kimi 6 bölmə üzrə davam edəcək Beynəlxalq konfransın keçirilməsində məqsəd müasir informasiya və kommunikasiya texnologiyalarının inkişaf ənənələri və perspektivləri sahəsində alimlərin, mütəxəssislərin elmi nailiyyətləri barədə müzakirələr aparmaqdır.