ABDULLAYEV ŞÖVQIYAR CƏMİL OĞLU Şövqiyar Abdullayev 1969-cu il aprelin 5-də Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdu. 1986-cı ildə Nərimanlı kənd orta məktəbini “əla” qiymətlərlə bitirmiş, Azərbaycan Politexnik İnstitutuna (AzPİ) daxil olmuşdu. O, birinci kursu bitirdikdən sonra ordu sıralarına çağırılır. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurub Bakıya qayıdır. O zaman artıq Ermənistan-Azərbaycan münaqişəsi başlamışdı. Yüz minlərlə soydaşımız öz doğma ata-baba yurdlarından - Qarabağdan, Qərbi Azərbaycandan didərgin salınmışdı. Ş.Abdullayev Vətənimizin belə bir dar günündə 1992-ci ildə könüllü olaraq Milli Orduya yazılır. Ağdamda təşkil edilmiş tank briqadasında ekipaj komandiri təyin edilir. 1992-ci il avqustun 27-də çox ağır bir döyüşdə yoldaşlarını əsir düşməkdən xilas edir, özü isə Vətən uğrunda qəhrəmanlıq göstərərək həlak olur. Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı Fərmanı ilə Abdullayev Şövqiyar Cəmil oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. |
|
BABAYEV ÇİNGİZ ADİL OĞLU Çingiz Babayev 2 oktyabr 1964-cü ildə Bakı şəhərində dünyaya göz açmışdır. Çingiz Yasamal rayonundakı 20 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutuna (AzPİ) daxil olur. O, 1986-cı ildə ali təhsilini başa vurub, təyinatla Azərelektroterm zavodunda əmək fəaliyyətinə başlayır. 1992-ci ilin avqust ayında isə Vətənin çağırışına səs verib, könüllü olaraq Milli Ordu sıralarına daxil olur. Bir müddət hərbi hissələrin birində qərargah rəisi vəzifəsində çalışır, 1994-cü ildə Azərbaycan Müdafiə Nazirliyinin sərəncamı ilə C.Naxçıvanski adına hərbi liseyə keçirilir. Burada əvvəlcə taqım komandiri kimi çalışır. Sonra təcrübəsi nəzərə alınıb, bölük komandirinin siyasi və tərbiyəvi işlər üzrə müavini vəzifəsinə təyin edilir. O, təlim-tədris sahəsində qazandığı yüksək nəticəyə görə komandanlıq tərəfindən “Şah İsmayıl Xətai” Fəxri Fərmanı ilə təltif edilir. 28 oktyabr 1995-ci il... Payız axşamı... Həmişə olduğu kimi Bakı metrosu öz iş rejimi ilə işləyirdi. Metro qatarları sərnişinləri fasiləsiz olaraq mənzil başına çatdırırdı. Birdən “Ulduz” və “N.Nərimanov” stansiyaları arasında hərəkət edən qatar alova büründü. Sərnişinlər özlərini ora-bura vurur, bu bəladan xilas olmağa çalışırdılar. C.Naxçıvanski adına hərbi liseyin zabiti, baş leytenant Babayev də sərnişinlər arasında idi. O, ilk andan fəryad qoparan insanları xilas etmək üçün təcili tədbir görməyi qərara alır. Çingiz qatarda onunla yol gedən kursantları da səfərbər edib, odun-alovun içinə atılır. Cəsur zabitin göstərdiyi misilsiz təşkilatçılıq və fədakarlıq nəticəsində 300-ə yaxın insan ölümdən xilas olur. Ancaq özü amansız ölümün pəncəsindən qurtara bilmir. Başqalarının həyatı uğrunda öz həyatını qurban verən Çingiz şəhidlik zirvəsinə ucalır. Azərbaycan Respublikası prezidentinin 3 noyabr 1996-cı il tarixli 506 saylı fərmanı ilə Babayev Çingiz Adil oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. |
|
ƏLİYEV RÖVŞƏN NƏRİMAN OĞLU Rövşən Əliyev 1972-ci il avqustun 30-da Bakı şəhərində anadan olmuşdu. 1989-cu ildə paytaxtın Xətai rayonundakı 254 nömrəli orta məktəbi bitirmiş, Azərbaycan Politexnik İnstitutunun (AzPİ) Maşınqayırma fakültəsinə daxil olmuşdu. 1990-cı ildə baş vermiş 20 Yanvar hadisələri Rövşəndə düşmənə qarşı nifrət hissi yaratmışdı. O, 1991-ci ildə könüllü olaraq ordu sıralarına getmişdi. Ağdamın Sırxavənd, Qazançı kəndlərinin düşməndən azad edilməsində igidlik göstərmişdi. 1992-ci ildə Muğanlı, Şıxbabalı yüksəkliklərində mövqe tutaraq düşmənin canlı və texniki qüvvələrini məhv etmişdi. Elə həmin il mayın 13-də erməniləri Dəhraz kəndindən çıxarmaq məqsədilə Abdal qəhrəman oğullarımızın mübarizəsi nəticəsində düşməndən azad edilmişdi. R.Əliyev 1992-ci il iyunun 14-də ağır döyüşlər zamanı yaralı yoldaşlarını xilas edərkən özü qəhrəmancasına həlak olub. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 nömrəli Fərmanı ilə Əliyev Rövşən Nəriman oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. |
|
MƏMMƏDOV SEYMUR QƏHRƏMAN OĞLU Seymur Məmmədov 1971-ci il sentyabrın 18-də Füzulidə dünyaya göz açıb. 1978-ci ildə buradakı 2 saylı orta məktəbə qəbul edilir. 1988-ci ildə orta məktəbi bitirən Seymur elə həmin il Azərbaycan Politexnik İnstitutunun (AzPİ) Elektrotexnika fakültəsinə daxil olur. Tələbəlik illərində təhsil almaqla yanaşı Füzuli şəhər rabitə şöbəsində işləyir. 1991-ci ildə könüllü olaraq 814 saylı özünümüdafiə batalyonuna yazılır. Həmişə qaynar nöqtələrdə olan, ən çətin əməliyyatlarda iştirak edən Seymur düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edir, onlarla azərbaycanlı əsirlərin azad edilməsində, 11 əsgərimizin düşmən mühasirəsindən çıxarılmasında və bir neçə kəndin erməni işğalçılarından təmizlənməsində əsl igidlik göstərir. 1 aprel 1992-ci il... Seymurun son döyüşü... Məlikcan kəndi uğrunda gedən döyüşdə hər birində 10 nəfərə yaxın erməni yaraqlısı olan 15 post darmadağın edilir. Bu qeyri-bərabər döyüşdə düşmən snayperinin gülləsi ilə şəhid olan Seymur əbədiyyətə qovuşur. Azərbaycan Respublikası prezidentinin 11 avqust 1992-ci il tarixli 131 saylı fərmanı ilə Məmmədov Seymur Qəhrəman oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. |
|
NƏZƏRLİ HİKMƏT BABA OĞLU Hikmət Nəzərli 1966-cı il martın 7-də Bakı şəhərində anadan olub. 1973-cü ildə Xətai rayonundakı 27 nömrəli orta məktəbə gedib, amma atasının iş yerinin dəyişməsi ilə əlaqədar o, təhsilini Daşkənddə davam etdirməli olub. Hikmət 1982-ci ildə yenidən Bakıya qayıdıb. 1984-cü ildə hərbi xidmətə çağırılaraq Gürcüstan Respublikasının Duşeti şəhərindəki kəşfiyyat məktəbinə göndərilib. 1986-cı ildə ordudan tərxis olunaraq DİN-in Yanğından Mühafizə İdarəsində çalışıb və eyni zamanda Azərbaycan Politexnik İnstitutuna (AzPİ) daxil olub. Sonra Hikmət Azərbaycanın bir vətənpərvər oğlu kimi erməni təcavüzünə etiraz edənlərin sırasında Şıx qəsəbəsində yaradılmış könüllülərdən ibarət müdafiə batalyonuna üzv yazılıb. 1991-ci ildə Ağdam istiqamətində cəbhəyə yola düşüb. Xocalı yolunda idarə etdiyi maşınla düşmənin qarşısında maneə yaradaraq vətəndaşları təhlükəsiz yerə çıxarıb. Son məqamda bir neçə döyüşçü yoldaşı ilə meşəyə çəkilib. Ailəli idi. Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 1992-ci il tarixli 178 nömrəli Fərmanı ilə Nəzərli Hikmət Baba oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. |
|
NƏSİBOV KAMİL BALƏDƏ OĞLU Kamil Nəsibov 8 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan olub. 1963-cü ildə orta təhsilini rayonun Minkənd kəndində bitirib və elə həmin il ordu sıralarına hərbi xidmətə göndərilib. Üç ildən sonra Silahlı Qüvvələrdən tərxis olunub. 1973-cü ildə Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olub. Ali təhsilini başa vurduqdan sonra Minkənd ərazisində yerləşən Tikinti Materialları Bazasına müdir təyin edilib. Laçın ermənilərin hücumuna məruz qalanda rayonu müdafiə etmək üçün 30 nəfərdən ibarət özünümüdafiə dəstəsi yaradıb. Dəstə onun rəhbərliyi altında Sadınlar, Çağazur, Malıbəy, Cicimli, Qazıdırı kəndlərinin düşməndən təmizlənməsində böyük xidmətlər göstərib. Rayonun Fərəcan, Səfiyan, Xanalılar, Suarası kəndlərinin düşməndən təmizlənməsində igidlik göstərib. Ailəli idi. Dörd övladı var Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. |
|
HÜSEYNOV ELMAN SÜLEYMAN OĞLU Elman Hüseynov 28 fevral 1952-ci ildə Tərtər rayonunun İlxıçılar kəndində anadan olub. 1968-ci ildə Qaraqoyunlu kənd orta məktəbini, 1973-cü ildə Azərbaycan Politexnik İnstitutunun (AzPİ) Hidromeliorasiya fakültəsini bitirib. 1975-ci ildə ordudan tərxis olunub və doğma rayonunda müxtəlif vəzifələrdə çalışıb. E.Hüseynov 1991-ci il sentyabrın 22-də Tərtər rayonunda könüllülərdən ibarət ərazi özünümüdafiə qərargahı yaradır və özü də onun rəisi olur. 12 noyabr 1991-ci ildə “Tərtər” batalyonuna komandir təyin edilir. E.Hüseynov Ağdərə, Seysulan, Yarımca, Çaylı, Marquşevan, Marağa, Həsənqaya, Levonarx, Ortakənd, Sərsəng su anbarı, Kasapet, Drambon, Maqavuz, Çıldıran və başqa yaşayış məntəqələrinin erməni işğalçılarından təmizlənməsi uğrunda rəşadət göstərib. 14 yanvar 1993-cü ildə cəsur komandir Vəng kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Evli idi. Bir oğlu, iki qızı var. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə mayor Elman Hüseynov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. |
|
QƏHRƏMANOV FARİZ ÇOBAN OĞLU Fariz Qəhrəmanov 1974-cü il martın 29-da Bərdə rayonunun Xəsili kəndində anadan olmuşdur. 1991-ci ildə orta təhsilini doğma kəndlərində başa çatdırmışdır. Sonra o, təhsilini 47 nömrəli texniki peşə məktəbində davam etdirərkən 1992-ci ildə Milli Orduya çağırılmışdır. Ağdam, Ağdərə, Füzuli, Kəlbəcər və Tərtər rayonları uğrunda gedən ağır döyüşlərdə iştirak etmişdir. Fariz 1994-cü ildə Ağdərənin müdafiəsi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşdə yaralanmışdır. O, bir müddət müalicə olunduqdan sonra yenidən cəbhə bölgəsinə qayıtmışdır.1995-ci ildə dövlət çevrilişinə cəhdin qarşısının alınmasında xidmət göstərmişdir. 1995-1996-cı illərdə Türkiyə Respublikasında jandarm və komanda məktəbini bitirmiş. 1997-ci ildə isə təhsilini Azərbaycan Texniki Universitetində davam etdirib, maşınqayırma sənayesi üzrə Menecment ixtisasına yiyələnib. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Qəhrəmanov Fariz Çoban oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. |
|
QULİYEV ZABİT ADİL OĞLU Zabit Quliyev 1975-ci il iyunun 6-da Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olmuşdur. 1992-ci ildə doğma kəndlərindəki orta məktəbi bitirmişdir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmış və oradan da Dağlıq Qarabağa - döyüş bölgəsinə göndərilmişdir. Z.Quliyev Ağdam, Füzuli, Ağdərə, Tərtər bölgələrində erməni işğalçılarına qarşı gedən döyüşlərdə rəşadətlə vuruşmuşdur. Seysulan kəndi uğrunda gedən vuruşun ən qızğın çağında erməni təcavüzkarları döyüşə tankları yeritdilər. Bu zaman Zabit səngərlərdən birinə sığınıb tankların yaxınlaşmasını gözlədi. Öndə gələn tankı bir qədər yaxına buraxıb onu qumbara ilə məhv etdi. Bunu görən ikinci tank istiqamətini dəyişib onun üstünə yeridi. O, özünü itirməyib ikinci zirehlini də məhv etdi. Beləliklə, Zabit bu döyüşdə böyük şücaət göstərərək düşmənin 4 tankını partladaraq sıradan çıxarmışdır. Zabit Quliyev hal-hazırda ikinci ixtisas təhsili olaraq Azərbaycan Texniki Universitetinin (AzTU) “Nəqliyyat” fakültəsində oxuyur. Ailəlidir. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Quliyev Zabit Adil oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. |
|
ÇİNGİZ SALMAN OĞLU QURBANOV Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. 2012-ci ildə məktəbi bitirən Çingiz Qurbanov elə həmin ildə Azərbaycan Texniki Universitetinin (AzTU) “Xüsusi texnika və texnologiya” fakültəsinin “Optotexnika” ixtisasına daxil olub, 2016-cı ildə universitetin məzunu olub. Əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da qəhrəmancasına şəhid olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman, ermənilərin pusqusuna düşərək şəhid olub. Bütün beynəlxalq normaları pozan ermənilər 2017-ci il fevralın 5-də Çingizin nəşini Azərbaycan tərəfinə təhvil verib. 2017-ci ilin 7 fevralında Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. |
|