Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Sabiq rektorlarımız

1-ci rektor - Mahmud Məmmədov

Azərbaycan Texniki Universitetinin (AzTU) ilk rektoru Mahmud Tağı oğlu Məmmədov 1909-cu ildə anadan olub.1933-cü ildə Azərbaycan Kənd Təssərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) bitirib və həmin instutda da müəllim, dekan vəzifəsində çalışıb. 1939-cu ildə Moskvada Kənd Təssərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunun aspiranturasını bitirərək namizədlik disertsiyasını müdafiə edib. 1942-1950-ci illərdə Azərbaycan Kənd Təssərrüfatı nazirinin müavini, nazirlər soveti sədrinin müvini işləyib və 1950-1954-cü illərdə isə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) rektoru vəzifəsində çalışıb.

T.e.n., dosent Mahmud Məmmədov 1964-cü ildə vəfat edib.


 

2-ci rektor - Abuzər Əliyev

Professor Əliyev Abuzər Əsgər oğlu 1911-ci ilə anadan olub. O, 1937-ci ildə Azərbaycan Sənaye İnstitutunun Memarlıq- inşaat fakültəsini bitirib. Abuzər Əliyev Böyük Vətən Müharibəsi illərində Bakı şəhərində tikilən hərbi zavodda baş mühəndis və respublika tikinti nazirinin müavini vəzifəsində çalışıb. O, Azərbaycanda tikinti üzrə ilk namizədlik dissertasiyasını müdafiə edən alimdir.

Abuzər Əliyev bir çox orden və medallarla, o cümlədən Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunub, ona Azərbaycan Respublikasının "Əməkdar Mühəndisi" fəxri adı verilib.

Professor Abuzər Əliyev 1954-1961-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) rektoru vəzifəsində çalışıb.

Professor Abuzər Əliyev 1980-ci ildə vəfat edib.


 

3-cü rektor - Ənvər Qasımzadə

Azərbaycanın görkəmli memarı və dövlət xadimi Ənvər Əlibəy oğlu Qasımzadə 1912-ci il fevralın 12-də Salyan şəhərində tanınmış maarifçi, Azərbaycanda rus dili və ədəbiyyatı üzrə ilk müəllimlərdən olan Əlibəy Qasımovun ailəsində dünyaya göz açıb. Ənvər Qasımzadə ilk təhsilini Bakı Müəllimlər Seminariyasının nümunəvi məktəbində alıb.1936-cı ildə Azərbaycan Sənaye İnstitutunun Memarlıq-inşaat fakültəsini bitirib.1936-1942-ci illərdə Azərbaycan Dövlət Layihə İnsititutunda memar, baş mühəndis, 1946-1962-ci illərdə Azərbaycan Respublikası Nazirlər Sovetində Memarlıq işləri idarəsinin rəsi, Bakı Soveti sədrinin birinci müavini, Azərbaycan Respublikası Dövlət Tikinti Komitəsinin sədri, Azərbaycanda tikinti naziri, Dövlət Plan Komitəsinin sədr müavini, Memarlar İttifaqının sədr müavini vəzifələrində çalışıb. 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsinin fəal iştirakçısı olub, orden və medallarla, o cümlədən, “Qırmızı Ulduz”, “Qırmızı Bayraq” ordenləri ilə təltif olunub. Ona Azərbaycan Respublikasının “Əməkdar İnşaatçısı” fəxri adı verilib.

1962-ci ildə Ənvər Qasımzadə Azərbaycan Politexnik İnstitutuna (indiki AzTU) rektor təyin olunub. Onun rektorluğu dövründə Azərbaycan Politexnik İnstitutunun Gəncə şəhərində filialı açılıb, Avtomatika, Sintetik materialların texnologiyası, Metallurgiya,  Poliqrafiya fakültələri təşkil edilib.

Ə.Qasımzadə 1969-cu il mart ayının 12-də 57 yaşında vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.


 

4-cü rektor - Rza Bədəlov

Professor Bədəlov Rza Əbdül oğlu 1915-ci il sentyabrın 25-də Bakı şəhərində anadan olub. R.Bədəlov Azərbaycan Sənaye İnstitutunu (ASİ) bitirdikdən sonra (1945-1968) Əzizbəyov neft trestinin Mexaniki təmir zavodunda mühəndis-konstruktor, sex rəisi, ASİ-də aspirant, assistent, baş müəllim, dosent, professor, dekan müavini, dekan, nəzəri mexanika kafedrasının müdiri olub.
Rza Bədəlov 1968-1976-cı illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) rektoru vəzifəsində çalışıb.
AMEA-nın müxbir üzvü Rza Bədəlov 1987-ci ildə Bakıda vəfat edib.


 

5-ci rektor - Mirzəağa Bağırov

Professor Mirzəağa Əyyub oğlu Bağırov 1927-ci il iyunun 16-da Lənkəran şəhərində anadan olub. 1949-cu ildə Azərbaycan Sənaye İnstitutunun Energetika fakültəsini bitirib.1956-1963-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Energetika və Fizika İnstitutunda laboratoriya müdiri, 1959-1967-ci illərdə isə Azərbaycan Elmlər Akademiyasının partiya komitəsinin katibi vəzifələrində çalışıb.

1966-cı ildə Moskvada Qubkin adına Heft-Kimya və Qaz İnstitutunda doktorluk dissertasiyasını müdafiə edib.

1974-1976-cı illərdə isə Azərbaycan Elmlər Akademiyası radiasiya tədqiqatları şöbəsinin müdiri işləyib.
1976-cı ildə M.Ə. Bağırov Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) rektoru vəzifəsinə təyin edilib və 12 il Azərbaycanın bu təhsil ocağına rəhbərlik edib.
Professor M.Ə. Bağırov 2011-ci il aprel ayının 8-də Bakı şəhərində vəfat edib.


 

6-cı rektor - Ramiz Qurbanov

Professor Ramiz Qurbanov 1935-ci ildə Salyan şəhərində anadan olub. 1956-cı ildə neft yataqlarının işlənilməsi və istismarı ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun Neft-mədən fakültəsini fərqlənmə ilə bitirib. NQÇİ-də operator kimi əmək fəaliyyətinə başlayaraq, usta köməkçisi, neft və qaz hasilatı üzrə usta, böyük mühəndis vəzifələrində işləyib. 1861-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (AzNKİ) Nəzəri mexanika kafedrasında assistent, böyük müəllim, dosent, professor, kafedra müdiri işləyib.

1963-cü ildə "Neft işində maye və qaz axmasının təyin edilmə məsələləri" mövzusunda namizədlik, 1968-ci ildə isə "Qeyri-nyuton neftlərinin hasilatının hidrodinamik xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.
1968-1989-cu illərdə AzNKİ-da Nəzəri mexanika kafedrasının müdiri, institutun elmi işlər üzrə prorektoru işləyib.

1989-cu ildə Qurbanov R.S. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Professor Ramiz Qurbanov 1989-1990-cı illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru vəzifəsində çalışıb.


 

7-ci rektor - Əli Sadıxov

Professor Sadıxov Əli Hidayət oğlu 29 iyun 1938-ci ildə Bakı şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki AzTU) bitirmiş və maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər ixtisası üzrə mühəndis-mexanik diplomu alıb. 1964-cü tədris ilinin əvvəlində Maşınqayırma texnologiyası kafedrasına assistent vəzifəsinə müsabiqə yolu ilə qəbul edilib,

1966-1969 illərdə kafedranın aspirantı olub və 1971-ci ildə Kuybışev Politexnik İnstitutunda namizədlik, 2008-ci ildə isə AzTU-nun İxtisaslaşdırılmış Dissertasiya şurasında doktorluq dissertasiyasını müdafiə edib. 1984-cü ildə kafedranın dosenti və 1991-ci ildə professoru elmi adı alıb.

1989-cu ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) tədris işləri üzrə prorektoru və 1990-1992-ci illərdə isə rektoru vəzifəsində çalışıb. Onun rektor vəzifəsində çalışdığı dövrdə (24.09.1991-ci il tarixində) instituta universitet statusu verilib və Azərbaycan Texniki Universiteti (AzTU) adlandırılıb.
Hazırda Ə.Sadıqov Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının məsləhətçi professorudur.


 

8-ci rektor - Allahverdi Orucov

Professor Orucov Allahverdi Oruc oğlu 1944-cü ildə Füzuli rayonunun Yağuvənd kəndində anadan olub. 1964-1969-cu illərdə AzPİ-nin (indiki AzTU) Elektrotexnika fakültəsində təhsil alIB.1975-ci ildə AzPİ-də assistent olaraq işə başlayıb.1992-ci il noyabrın 6-dan 2000-ci il yanvarın 3-dək Azərbaycan Texniki Universitetinin (AzTU) tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb. 1993-cü il iyulun 2-dən 1993-cü ilin dekabrına kimi AzTU-nun rektor səlahiyyətlərinin icrası Allahverdi Orucova həvalə edilib.

 

 


 

9-cu rektor - Rafiq Mehdiyev

Professor Rafiq Mehdiyev 1936-cı ildə Cəbrayıl rayonunda anadan olub. 1958-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Mexanika fakültəsini bitirib.

1964-cü ildə namizədlik, 1981-ci ildə isə Leninqrad Politexnik İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib.
Görkəmli alim 1993-1999-cu illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru olub. Tanınmış alim hazırda məşhur İstanbul Texniki Universitetinin professorudur və qardaş ölkədə böyük elmi nailiyyətlərini davam etdirir.

 


 

10-cu rektor - Havar Məmmədov

Professor Məmmədov Havar Əmir oğlu 1945-ci il oktyabr ayının 9-da Azərbaycan Respublikası İmişli rayonunun Qızılkənd kəndində anadan olub. 1963-cü ildə İmişli rayon 34 saylı dəmiryolu orta məktəbini fərqlənmə ilə bitirərək Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Аvtomatika və hesablama texnikasi fakültəsinin avtomatika və telemexanika ixtisasına qəbul olub. Təhsil aldığı müddətdə Tələbə Elmi Cəmiyyətinin sədri, qrup nümayəndəsi kimi fəaliyyət göstərib. Təhsildə və ictimai işlərdəki nаiliyyətlərə görə о zamanlar ən yüksək təqaüd olan V.İ. Lenin adına təqaüdə layiq görülüb. 1968-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək gənc mütəxəssis kimi Avtomatika va telemexanika kafedrasında assistent vəzifəsində çalışmağa başlayıb. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunda aspiranturanın əyani şöbəsinə daxil olub. 1974-cü ildə aspiranturada təhsilini başa vurub və kafedrada əmək fəailiyyətini davam etdirib.
1993-2017-ci illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) Elektron-hesablama aparatlarının konstruksiya edilməsi və istehsalı, Nəqliyyatda avtomatika va telemexanika, Аvtоmatika və idarəetmə kafedralarının müdiri vəzifəsində çаlışıb.

1998-ci ildə “Paylanmış parametrli mürəkkəb elektrik dövrələrində kommutasiya proseslərinin tədqiq üsulları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsinə və 2003-ci ildə professor elmi adına layiq görülüb. 2000-ci ilin yanvar ayından 2016-cı ilin sentyabr ayınadək Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru vəzifəsində çalışıb.
16 mart 2017 – 13 sentyabr 2023-cü il tarixlərində Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsində çalışıb.


 

11-ci rektor - Xalıq Yahudov

  • Professor Yahudov Xalıq Məcid oğlu 14 avqust 1946-cı ildə Zaqatala rayonunun Suvagil kəndində anadan olub. 1964-cü ildə Suvagil kənd orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) İqtisad fakültəsinə daxil olub. 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun bərpa olunması ilə əlaqədar bu instituta keçirilib və 1969-cu ildə oranı müvəffəqiyyətlə bitirərək işləmək üçün Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat institutuna (DPK-nın ETİİ) göndərilib.
  • 1981-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna (indiki AzTU) baş müəllim vəzifəsinə seçilib.
  • 1982-1995-ci illərdə AzTU-nun Maşınqayırma fakültəsinin dekan müavini vəzifəsində çalışıb.
  • 1995-2003-cü illərdə AzTU-da Mühəndis biznesi və menecment fakültəsinin dekanı işləyib.
  • 2003-2005-ci illərdə AzTU-nun Azad Həmkarlar İttifaqı Komitəsinin sədri olub.
  • 2005-2006-ci illərdə AzTU-nun tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb.
  • 2006-cı ilin avqust ayından AzTU-nun tədris işləri üzrə prorektor vəzifəsinə təyin edilib.
  • 2010-cu ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
  • 2017-ci ildən AzTU-nun “Fəxri professoru”dur.
  • 2016-cı ilin sentyabrından 31 iyul 2019-cu ilə kimi Azərbaycan Respublikası Təhsil nazirinin əmrinə əsasən rektor səlahiyyətlərini icra edib.