Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da şəhid Cəmil Məmmədlinin xatirəsinə həsr olunan filmin təqdimatı keçirilib

AzTU-da şəhid Cəmil Məmmədlinin xatirəsinə həsr olunan filmin təqdimatı keçirilib

01.06.2023     296     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) universitetin tələbəsi, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Cəmil Məmmədlinin xatirəsinə həsr olunan “Elə bir ömür yaşayacam ki...” filminin təqdimat mərasimi keçirilib.

Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, həmçinin universitetin müəllim və tələbələri iştirak edib.

Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərmin Rzayeva universitetdə şəhidlərin adlarının əbədiləşdirilməsi ilə bağlı görülən işlərdən danışıb. Nərmin Rzayeva 44 günlük Vətən müharibəsində AzTU-nun tələbə və məzunları arasından 35 nəfərin şəhidlik zirvəsinə yüksəldiyini deyib. Bildirib ki, AzTU-nun şəhidlik zirvəsinə yüksələn tələbə və məzunlarının adları universitetin auditoriyalarına verilib. Universitetdə mütəmadi olaraq tələbə və məzun şəhidlərimizin ailə üzvləri ilə görüşlər keçirilir. Prorektor şəhidlərin əziz xatirəsinin yaşadılması, onların qəhrəmanlıqlarının gənc nəslə aşılanması üçün belə tədbirlərin keçirilməsinin önəmindən danışıb.

 “Elə bir ömür yaşayacam ki...” filminin ssenari müəllifi Mehriban Sadıqova ekran işinin çəkilməsində dəstək göstərənlərə təşəkkür edib.

Daha sonra film nümayiş olunub. Filmdə Cəmil Məmmədlinin məktəb illəri və hərbi xidmətə yola düşməsi zamanı çəkilən görüntülərdən istifadə olunub. Ekran işində şəhidin doğmaları, yaxınları, müəllimləri, döyüş yoldaşları və dostlarının onunla bağlı xatirələri də yer alıb. 

Tədbirin sonunda AzTU-nun Şəhid ailələri və vətən müharibəsi iştirakçıları ilə işlərin təşkili qrupunun rəhbəri Zöhrə Məmədova və şəhid Cəmil Məmmədlinin anası Aygün Məmmədli filmin hazırlanmasında zəhməti olan hər kəsə təşəkkür ediblər. 

Qeyd edək ki, şəhid Cəmil Məmmədli 1999-cu il iyulun 28-də İsmayıllı rayonunda anadan olub. O, 2016-2020-ci illərdə AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsində təhsil alıb. Təhsil aldığı dövrdə universitetin ictimai həyatında fəallığı ilə seçilib. Müəllim və tələbə yoldaşlarının yaddaşında vətənpərvər bir insan kimi qalan Cəmil Məmmədli 2020-ci il sentyabrın 27-də başladılan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Oktyabrın 14-dən 15-ə keçən gecə Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən,  Cəmil Məmmədli ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”,  “Füzulinin azad olunmasına görə" və “Cəsur döyüşçü”  medalları ilə təltif edilib.


Digər xəbərlər